Karantində 33 rayondan geri qalan 40 rayon: İqtisadi geriləmənin səbəbi təkcə pandemiyadır?


Karantində 33 rayondan geri qalan 40 rayon: İqtisadi geriləmənin səbəbi təkcə pandemiyadır?

Azərbaycanda iqtisadi artım və geriləmə olan rayonlar açıqlanıb.
2020-ci ilin ilk 6 ayında Azərbaycanın 73 rayon və şəhərinin 33-də iqtisadi artım, 40-da iqtisadi geriləmə baş verib.
9 rayon və şəhərdə, o cümlədən Naxçıvanın rayonlarında və Bakıda iqtisadi artıb azalma 1%-dən aşağı olub.
Pandemiya dövründə ölkədə ən sürətli artım Balakən 47%, Şabran 40%, Xocalı 29%, Qəbələ və Goranboyda baş verib 27%.
Ən böyük geriləmə isə Naftalan 37%, Lerik 33%, Qax və İsmayıllı 25%, eləcə də Şamaxıda qeydə alınıb 22%.
Məlumata görə, qeyd olunan dövrdə ümumilikdə Azərbaycanda ümümdaxili məhsul istehsalı 2,8 faiz azalıb.
Belə olan təqdirdə, eləcə də pandemiya və karantin şəraiti nəzərə alınarsa, iqtisadi artım göstəricilərini formalaşdıran səbəblər hansılardır? Eləcə də 40 rayonda qeydə alınan geriləmələrə pandemiya, yoxsa digər amillər səbəb olub?
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, artım qeydə alınan rayonlarda bu göstəricilər kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlıdır:
“Pandemiya dövründə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında kifayyət qədər artım qeydə alınıb. Xarici bazarlara çıxış təmin olunub. Xüsusilə də meyvə və tərəvəzin ixracında 20-24 faizlik artım baş verib.
Məlumdur ki, yüngül sənaye məhsulları üzrə istehsal müəssisələrinin fəaliyyətini dayandırması aqrar sektora marağın artmasına səbəb olub. Eləcə də son illərdə ölkəmizdə aqrar sektorun inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib, infrastruktur qurulub. Bütün bunlar bir sıra rayonlarda inkişafın qeydə alınmasına səbəb ola bilər”.
Geriləyən rayonların sayının daha çox olmasına gəlincə, iqtisadçı deyir ki, bu ölkənin aqrar sektorunun yetərincə inkişaf etdirilməməsinin göstəricisidir:
“Xüsusilə də Mərkəzi Aran rayonlarında geriləmə müşahidə edilib. Yalnış strateji proqramların həyata keçirilməsi, milyonlarla manat vəsaitin spesifik olmayan aqrar sahələrə yönəldirilməsi nəticə etibarı ilə gəlirlərin azalmasına gətirib çıxarıb. Mərkəzi Aran rayonlarında əkinəyararlı sahələrin böyük bir hissəsi pambıq plantasiyalarına çevrilib. Dünya üzrə göstəricilərdə pambıqçılığın gəlirli olmadığı hər kəsə bəllidir.
Bu həm də Mərkəzi Aran rayonlarında maldarlıq təsərrüfatlarına ciddi ziyan dəyməsinə gətirib çıxarıb. Həmçinin suvarma sistemlərinin düzgün qurulmaması, su təminatı ilə bağlı problemlərin olmaması bu rayonların gəlirlərinin azalmasının səbəblərindəndir”.
Razi Abbasbəyli deyir ki, 2020-ci ilin müvafiq dövründə ötən illə müqayisədə xaricdən ölkəmizə yatırılan investitsiyaların həcmində də kifayyət qədər azalmalar müşahidə olunub:
“Təxminən 40-50 faizədək azalma müşahidə olunub. Bu da özünü həmin azalmalarda ifadə edib. Azərbaycanda regionların inkişafı ilə bağlı görülən işlər kifayyət qədər çoxdur. Amma aqrar sektorda həyata keçirilən dövlət proqramlarında strateji hədəflər müəyyən edilməyib. Hansı rayonda hansı sahənin rentabelli olduğu müəyyən edilmədən kortəbii şəkildə böyük investisiyalar ayrılır”.
Tarix: 20-08-2020, 16:05
Xəbəri paylaş



Xəbər lenti