Liberal iqtisadiyyatı saxlayan 2 təməl: azad sahibkarlıq və azad rəqabət

Tanınmış iqtisadçı Əli Məsimli 6 şərtdən danışdı

Ötən həftə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə həsr olunmuş videomüşavirədə prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılmasının gərəkdiyini bildirdi: “Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür”.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli iqtisadiyyatda liberallaşma, bunun yaratdığı üstünlüklər, Azərbaycanda bu prosesin uğurla nəticələnməsi üçün mümkün imkanlar barədə suallarımızı cavablandırıb. Millət vəkili ilə müsahibəni təqdim edirik:
- Əli bəy, liberal iqtisadiyyat nə deməkdir? Hansı ölkələr belə iqtisadiyyatla uğur qazanıblar?
- Liberal iqtisadiyyat - xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması, qanunvericiliyin sahibkarlığı müəyyən dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qoruması, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi, ümumi daxili məhsulda dövlət büdcəsinin payının az olması, yəni yeni yaradılmış dəyərin daha az hissəsinin büdcə vasitəsilə yenidən bölüşdürülməsi və sair bu kimi prinsiplərlə xarakterizə olunan təsərrüfat sistemidir. Bu əsasda bazar iqtisadiyyatının liberal modelinin əsas elementləri dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi şəraitində azad sahibkarlığa, tələb-təklif əsasında formalaşan azad qiymətlərə və azad rəqabətə geniş meydan verilməsidir. Müasir iqtisadi nəzəriyyənin banisi Adam Smit, bir sıra məşhur iqtisadçıların “liberalizmin incili” səviyyəsində dəyər verdikləri “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində xalqların sərvəti və onun artırılmasının mənbə və yolları, stimulları və qanunlarını tədqiq edərək belə bir nəticəyə gəlmişdi ki, bazar iqtisadiyyatında yaradılan sərvətin ən mühüm xüsusiyyəti onun təşkil olunmuş plan əsasında deyil, “görünməz əllərlə” fəaliyyət göstərən külli miqdarda adamların şəxsi mənafelərinə uyğun gəlməsidir. Smitin həmin klassik nəzəriyyəsinə görə, dövlət hər bir insanın həyatının və əmlakının təhlükəsizliyini təmin etməli, mübahisələri həll etməli və qaydalara əməl olunmasına zəmanət verməlidir. Başqa sözlə, dövlət fərdin müstəqil surətdə edə bilmədiyi, ya da effektli edə bilmədiyi işləri görməli, qalan işləri isə özəl sektor həyata keçirməlidir.
Əli Məsimli: “Xalqımızın belə çətin məqamda birlik nümayiş ...
Lakin 1929-1933-cü illərdəki “Böyük depresiya” dövrü kəskin böhran və ekstremal şəraitlərdə iqtisadiyyatda dövlətin rolunun optimallaşdırılması və səmərəliliyinin artırılmasının da vəziyyətdən tez və az itki ilə çıxmaqda mühüm rol oynadığını ortaya qoydu. Bu kontekstdə digər çox məşhur iqtisadçı Con Keynsin iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası İkinci Dünya müharibəsindən sonra 30 il müddətində elə populyarlıq qazanmışdı ki, hətta liberal iqtisadi modelin klassik nümunəsi olan ölkənin - ABŞ-ın prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”. Bu fikri ona görə xatırlatdım ki, hazırda koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin yaratdığı fəsadların aradan qaldırılmasının sürətləndirilməsində dövlətin rolunun artırılması və büdcə stimullaşdırılması o qədər populyar ideyaya çevrilib ki, liberal iqtisadi modelin dayağı olan və mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə transformasiya prosesində postkommunist məkanına liberal iqtisadi modeli diktə edən BVF başda olmaqla əksər beynəlxalq iqtisadi qurumlar “Keynsçi” olmağa başlayıblar. Buna baxmayaraq, bazar islahatlarından söhbət gedəndə liberal modelin əsas elementlərinin əksəriyyəti yenə də əsas yer tutur. Ümumiyyətlə götürdükdə isə real gerçəklikləri nəzərə almaqla çox vaxt sırf liberal iqtisadi modeldən yox, qarışıq iqtisadiyyat modelindən daha geniş istifadə olunur.
-Azərbaycanda liberal iqtisadiyyatın formalaşdırılması, daha doğrusu, iqtisadiyyatın liberallaşdırılması üçün imkanlar varmı?
- Son illər həyata keçirilməyə başlanılan islahatları genişləndirmək və dərinləşdirmək şərtilə, əlbəttə ki var. Axı Beynəlxalq Valyuta Fondunun məlum reseptləri əsasında postkommunist məkanına aid ölkələrin əksəriyyətində, o cümlədən Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasına yönəlik islahatlar çərçivəsində bazar iqtisadiyyatı formalaşıb. Sözügedən məkana aid olan ölkələrdə həyata keçirilən islahatların əhatə dairəsində və dərinlik dərəcəsində müəyyən fərqlər olsa da, hər halda onların hamısında iqtisadiyyatın liberallaşdırılması istiqamətində xeyli iş görülüb, mərkəzləşdirilmiş planlı iqtisadiyytdan bazar münasibətlərinə keçid istiqamətində həlledici addımlar atılıb: ticarət liberallaşırılıb, dövlət tərəfindən qiyməti tənzimlənən məhdud sayda bir sıra məhsullar və xidmətlər istisna olmaqla, qalan bütün növ mal, məhsul və xidmətlərin qiymətləri sərbəstləşdirilib. Dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar və onun əsasını təşkil edən torpaq islahatları həyata keçirilib. Xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq sistemi formalaşıb. Sahibkarlıq fəaliyyəti genişləndikcə, liberal modelə xas olan əsas fərqləndirici cəhətlərdən biri kimi, iqtisadiyyatda özəl sektorun payı da artır. Ölkə iqtisadiyyatı daha çox özəl sektorun üstündədir...
Hazırda iqtisadi liberallaşma xeyli dərəcədə özəlləşdirmə prosesinin davam etdirilməsi ilə bağlıdır, yəni su, qaz, elektrik enerjisi sahələrindəki böyük şirkətlərin uzunmüddətli idarəyə verilməsi istiqamətində addımlar atıla bilər. Neft sektorunda olduğu kimi, qeyri-neft sektorunda da ölkə iqtisadiyyatının xarici investisiyalara açılımını davam etdirmək, bu sahədəki obyektiv və subyektiv xarakterli maneələri aradan qaldırmaq lazımdır. Ona görə də ölkə iqtisadiyyatının tərəqqisinin buxovuna çevrilmiş monopoliya, korrupsiya, məmur sahibkarlığı, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatı və onların törəməsi olan çoxsaylı naqislikləri aradan qaldırmaq və problemlərin həllinin sürətləndirməkdən ötrü, son illər həyata keçirilməyə başlanan islahatlar genişləndirilməli və dərinləşdirilməliidr ki, bir tərəfdən dövlətin iqtisadiyyatdakı rolunun optimalşşaşdırılmasına nail olmaq mümkün olsun, digər tərəfdən isə liberallaşdırmanın davam etməsi, iqtisadiyyatın özünütənzimləmə imkanlarının genişlənməsinə, onun inkişaf potensialının hərtərəfli reallaşmasına şərait yaratsın.
- Ölkə prezidenti son müşavirədə liberallaşmaya getməyin zəruri olduğunu bildirdi. Bu zərurət nədən yaranır? İndiki halda liberallaşma üçün ilk növbədə hansı addımlar atılmalıdır?
- Ümumi şəkildə desək, elə islahatlar aparmaq lazımdır ki, mövcud stereotipləri aradan qaldırmağa, hər şeyə total nəzarətdən liberal iqtisadiyyata keçməyə imkan versin, hər kəsin qanunla qadağan olunmayan bütün sahə və istiqamətlərdə sərbəst hərəkət etməyə, öz porensialına layiq səviyyədə qazanmağa, vergisini verməyə, dövlətin inkişafına, tərəqqisinə öz təmiz töhfəsini verməyə imkanı olsun...
Müşavirədə prezidentin xüsusi vurğuladığı kimi, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq. Pandemiya şəraitində islahat keçirmək çətin olsa da, imkan və iradə var ki, həmin addımlar bundan sonra da davam etsin. Dövlət sektorunda olan elə müəssisələr var ki, növbəti mərhələdə onların da özəlləşdirilməsi ilə bağlı addımlar atılması zəruridir.
- Azad sahibkarlığın inkişafı baxımından liberal iqtisadiyyat nə qədər əhəmiyyət daşıyır?
- Liberal iqtisadiyyat azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur. Bunlar yoxdursa, sözün həqiqi mənasında səmərəli fəaliyyət göstərən və xalqın tələblərinə həssas olan bazar iqtisadiyyat haqda danışmaq çətindir. Ona görə də azad sahibkarlığın inkişafında yeni mərhələyə keçməkdən ötrü aşağıdakı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini zəruri hesab edirik: 1. Ölkəmizin güclü potensialına layiq səviyyədə tərəqqisinin buxovuna çevrilmiş inhisarçılığa, korrupsiya və məmur özbaşınalıqlarına qarşı sistemli mübarizənin gücləndirilməsi. Azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması. 2. Mülkiyyət münasibətlərinin təkmilləşdiriliməsi və sahibkarlığın inkişafının səmərəliliyinin artırlıması. Ölkədə özəlləşdirməyə geniş vüsət verilməsi. 3. Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi. 4. Sahibkarların bazara çıxışındakı bütün süni baryerlərin aradan qaldırılması. Qeyri-neft ixracatında subsidiya mexanizminin stimullaşdırıcı rolunun artrılmasındann ötrü əlavə tədbirlərin görülməsi. Ölkədə qlobal informasiya cəmiyyətinin bir hissəsi olan elektron ticarətin beynəlxalq normalara uyğun infrastrukturunun və hüquqi bazasının inkişafı təmin olunmaqla, yerli məhsul və xidmətlərin xarici bazarlara çıxışının elektron ticarət vasitəsilə həyata keçirilməsinin təşviqləndirilməsinin gücləndirilməsi. 5. Sahibkarlıq subyektlərinin öz resurslarına qənaət etməsinə, yerli və beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə, bazarlara və resurslara çıxış imkanların genişləndirilməsinə yönəlik əlavə tədbirlər görülməsi. 6. Ölkəyə, xüsusən də qeyri-neft sektorunun perspektivli sahələrinə investisiya axınının güclənməsinə xidmət edən işlək mexanizmin hazırlanması və tətbiq edilməsi.
- Azərbaycandakı məmur biznesi, indiki məhkəmə şəraitində liberal iqtisadiyyat qurmaq mümkündürmü?
- İqtisadiyyatın liberallaşdırılması istiqamətində nəzərdə tutulan islahatların nəticəliliyini artırmaqdan ötrü zəruri şərtlərdən biri də qanunvericiliyin sahibkarları ayrı-ayrı dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qorumasıdır. Həmin problemin həllinə etibarlı şəkildə nail olmaqdan ötrü digər şərtlərlə yanaşı, məmur sahibkarlığının aradan qaldırılması və bizneslə hakimiyyətin bir-birindən ayrılması çox vacibdir. Çünki ölkədə inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqları və kölgə iqtisadiyyatının dairəsinin geniş olması, təsərrüfatsızlıq, aşkarlıq, şəffaflıq, hesabatlılıq və məsuliyyətin zəif olması xeyli dərəcədə məmur sahibkarlığndan qaynaqlanır. Azad, ədalətli məhkəmə sistemi olmadan isə nəinki liberal iqtisadiyyat, ümumiyyətlə, inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqlarına qarşı təsirli tədbirlər görmək və mütərəqqi sayıla biləcək heç nə qurmaq mümkün deyil. Ona görə də ölkədə həyata keçirilən islahatlar kontekstində məhkəmə-hüquq sistemində başlanan islahatların da dərinləşdirilməsi çox vacibdir.
İndi real tələbatdan doğan əsas məsələ struktur islahatlarının davam etdirilməsi zamanı elə bir etibarlı mexanizm qurulmasıdır ki, islahatlar istiqamətində atılan addımlar oliqarxiyanın, monopoliyaların maraqlarına yox, xalqın maraqlarına, sahibkarlığın gücləndirilməsinə xidmət etsin, atılan addımların əhali üçün nəticəliliyini davamlı olaraq artırsın. İslahatların nəticəliliyini artırmaqdan ötrü ölkədə mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin təmin olunması, müstəqil və ədalətli məhkəmə sisteminin formalaşdırılması; dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması; qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən çevik və islahatçı hökumət modelinə keçilməsi; dövlət məmuru-iş adamı münasibətlərində bir tərəfdən qanundan yuxarıda duranlara və öz biznes maraqlarını reallaşdırmaqdan ötrü sahibkarlara bilavasitə və ya dolayı yollarla müxtəlif təzyiqlər göstərən məmurlara qanunun gücünün bütün sərtliyi ilə tətbiq edilməsi, digər tərəfdən isə “kömək edə bilmirsənsə və etmək istəmirsənsə, heç olmasa mane olma” prinsipinin aktuallaşdırılması və azad sahibkarlığın inkişafının mühüm hərəkətverici qüvvəyə çevrilməsi, ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin, eləcə də texnokratların formalaşması, dövlət idarəetmə sistemində onlardan istifadənin dairəsinin genişlndirilməsi, islahatların hüquqi bazasının möhkmləndirilməsi, Rəqabət Məcəlləsi, yeni Vergi Məcəlləsi, Büdcə Məcəlləsi, Dövlət maliyyə nəzarətinin gücləndirilməsi və sair bu kimi qanunların qəbulunun tezləşdirilməsi kimi mühüm məsələlərin həllini zəruri hesab edirik.
Tarix: 15-08-2020, 08:17
Xəbəri paylaş



Xəbər lenti