Bir gün bir şərab istehsalçısı işi və istehsalı böyüyəndən sonra anbarda saxladığı onlarla şərab çəlləyinə nəzarət etmək üçün bir nəfəri babat maaşla işə alır. Ona tapşırır ki, kim çəlləklərdən bir stəkan belə şərab götürsə, içsə ona xəbər eləsin. Bir neçə gündən sonra sahibkar düşünür ki, birdən çəlləklərin nəzarətçisi onu aldadar, kiməsə içməyə şərab verər, onun xəbəri olmaz. O başqa bir nəfəri tapır ona yaxşı maaş verir və deyir ki, sən bu gündən şərab çəlləklərinə nəzarət edənə nəzarət edəcəksən, ona göz qoy, gör nə iş görür. Bir neçə gündən sonra sahibkar düşünür ki, belə olmaz e, birdən çəlləklərə nəzarət edən adamla, onun işinə nəzarət edən adam sövdələşə, onun şərabını sağa-sola dağıda bilərlər. Səhər açılan kimi gedib bir nəfər də tapır, çox yaxşı maaş verərək deyir ki, sən çəlləklərə nazarət edən adamı göz qoyun işçiyə nəzarət etməlisən. Nə isə, uzun sözün qısası, nəzarətçiyə nəzarət edənlərin sayı artdıqca sahibkarın gəliri də azalır.
Azərbaycan hökuməti, aşağı-yuxarı belə işləyir, amma bir ciddi fərq var: Aşağıdan ta yuxarıya bütün nəzarətçilər haqq verirlər, bu da büdcəni sökmək üçün mexanizmə çevrilir.
Prezident son müşavirədə dedi ki, ölkədə ciddi ictimai nəzarət olmalıdır, əla, biz də bunu deyirik, hətta həm dövlətlə danışıqlarda, həm də Milli Məclis nümayəndəmizin çıxışlarnda dəfələrlə yeni QHT qanununun qəbulunu təklif etmişik, prinsiplərini söyləmişik. Sivil Toplum dünyanın normal ölkələrində hökumətlərin ən yaxşı pulsuz nəzarətçisi və məsləhətçisidir - əgər bizdə də ictimai nəzarət olmalıdırsa ilk növbədə 2013-14-cü illərdə QHT qanunvericiliyə edilən mənasız və sərt dəyişikliklər ləğv edilməli, daha yaxşısı isə yeni, çağdaş QHT qanunu qəbul edilməlidir.
İctimai nəzarətin ən vacib elementlərindən biri, bəlkə də birincisi mediadır, jurnalistlərin işinə yaradılan maneələr aradan qaldırılmalı, bütün bloklanan saytlar açılmalı, media qurumlarnda çıxan xəbərlərə, araşdırmalara, məqalələrə dövlət orqanları tərəfindən adekvat reaksiya olmalıdır.
İctimai nəzarətin ali forması isə Parlamentdir, büdcəyə nəzarət etmək üçün ən vacib orqandır. Əgər səmimi olaraq ictimai nəzarət, büdcə xərcləmələrinin optimallaşdırılmasını istəyirlərsə 9 Fevralada baş tutan biabırçı seçkilərin nəticələri ləğv edilməli, ədalətli seçki keçirilməlidir.
Yəni, bizdə hökumət özündən “velosiped” icad etmək istəyir – halbuki, sivil dünya çoxdan ictimai nəzarətin yollarını, mexanizmlərini “icad” edib və praktikada tədbiq edərək yaxşı nəticələr əldə edib. Bizdə isə bir tərəfdən deyirlər ki, dövlət şirkətləri monstrdı, qeyri-şəffaf və effektsizdi, digər tərəfdən isə daha böyük monstr – Azərbaycan İnvestisiya Holdinqi yaradırlar. Amma bu işin fəlsəfəsi belə olmur – Dövlət iqtisadiyyatda ən zay menecerdir, dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi həmişə qeyri-effektiv olub. Dövlət iqtisadiyyata dolayı alətlərlə müdaxilə etməlidir: Vergi-gömrük siyasəti ilə təşviq etməli, “tik-devr et” prinsipi ilə yanaşmalıdır.
Natiq Cəfərli
Ekspert
Tarix: 9-08-2020, 08:59