Dünyada yayılan koronavirus pandemiyası bütün ölkələr kimi, Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Qeyri-neft gəlirlərinin azalması büdcədə ahəngdarlığın pozulmasına səbəb olub və büdcəyə yenidən baxılması zərurəti yaranıb. Bu səbəbdən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə” dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial - iqtisadi tədbirləri Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürü kimi dəyərləndirən millət vəkili, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva "Sherg.az"a dünyanın bir çox ölkələrində müşahidə olunan iqtisadi tənəzzülün sosial proqramların ixtisarı ilə nəticələndiyini deyib: "Transmilli korporasiyalar, on minlərlə işçisi olan böyük şirkətlər belə ixtisarlara, xərclərin optimallaşdırılmasına gedirlər. Hətta bəzi ölkələrdə 50-60 faizlik işsizlik formalaşıb, gün ərzində 26-30 milyon insan yalnız isti xörək üçün kilometrlərlə növbələrdə durur, ərzaq çatışmazlığı üzündən mağazalarda qarşıdurmalar baş verir”.
Ümumən dünyadakı vəziyyəti destabil kimi dəyərləndirən millət vəkili hesab edir ki, belə bir məqamda Azərbaycan dövlətinin büdcəsində də xərclərin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir:
"Təqdim olunan qanun layihəsinin təhlili də onu göstərir ki, burada söhbət heç bir sosial layihənin ixtisarından getmir. Əksinə, sosial və iqtisadi sahədə xərclərin optimallaşdırılması reallaşdırılır. Halbuki, bu gün bir sıra Avropa ölkələrində ya sosial layihələrin ixtisarını, ya da sosial öhdəliklərin yerinə yetirilməsində çatışmazlıqların, gecikmələrin olduğunu müşahidə edirik.
Bu səbəbdən də, dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur. İndi elə bir zamandayıq ki, keçici də olsa, qənaət rejiminə keçilməli, mərhələli şəkildə ağır dövrü başa vurmalıyıq.
Lakin bununla yanaşı karantin rejiminin də tələblərini pandemiya şəraitindən asılı olaraq yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”.
Tarix: 5-08-2020, 17:05