"Bütün banklar hakimiyyətin üst qatında olanlara bağlıdır" - Aslan İsmayılov


"Bu il Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank” bağlandılar. On minlərlə əmanətçilər pullarını ala bilmirlər və mənə yüzlərlə müraciət olub. İnsanlar halal əməkləri ilə qazandıqları, qara gün üçün saxladıqları pullarını Azərbaycan adlı Dövlətin qeydiyyatdan keçirdiyi banklara əmanət edirlər, sonra isə geri ala bilmirlər və bu tək 2020-ci ildə yox, artıq uzun illərdir ki, davam edir. Heç kim bunu bazar iqtisadiyyatı ilə əsaslandırmasın. Azərbaycanda bazar iqtisadiyyatı yoxdur, sadəcə, bazar var və bu bazarda kim nə qədər bacarır, atır. Bir dənə də müstəqil bank yoxdur".


Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.


A.İsmayılov qeyd edib ki, bütün banklar hakimiyyətin üst qatında olanlara bağlıdır və onların bütün işlərinə Mərkəzi Bankın sədri Elman Rüstəmov nəzarət edir: "Elman Rüstəmovun icazəsi olmadan orada bir manat da bata bilməz. Özüm bir neçə dəfə banklardan kredit götürmüşəm və çoxlu xahiş-minnətlərdən sonra ən ucuz krediti 18%-lə almışam. Bu krediti almaq üçün məndən girov kimi kredit məbləğindən iki dəfə artıq dəyəri olan əmlak tələb edilib. Onda necə olur ki, bütün qanunlar, Mərkəzi Bankın mövcud təlimatları kobud pozularaq ikinci devalvasiyadan 3-4 gün öncə “Dekabank“ ASC vasitəsilə fiziki şəxsə, 1958 təvəllüdlü Atakişiyev İlham Gürşad oğluna 23.12.2015 tarixində 24 milyon, 24.12.2015 tarixində isə 21,263 milyon AZN 5,5%-lə kredit verilir?! 45 milyon manat verilir və iki dəfə artıq demirəm, heç olmasa həmin məbləğdə girov kimi əmlak tələb edilmir. Həmin dövrdə Mərkəzi Bankda faiz dərəcəsi 12% idi, banklar da vətəndaşlara kreditləri 18-30% arası verirdilər. Az müddət sonra “Dekabank“ bağlanır, Atakişiyev rəhmətə gedir, Mərkəzi Bank həmin krediti balansdan silir və heç kim buna görə məsuliyyət daşımır. Bilməyənlər üçün deyim ki, kredit veriləndə 1 ABŞ Dolları 1.05 AZN idi. 4-5 gündən sonra 1.55 AZN oldu. Hələ demirəm ki, həmin dövrlərdə 1 ABŞ Dolları hətta 1.8-1.9 AZN da oldu. Bunlar büdcə pullarını beləcə yedikləri cəhənnəm, sadə vətəndaşların manat–manat yığdıqlarına da göz tikirlər. Mətbuatda hər gün yazılar çıxır ki, keçmiş Baş Prokuror Zakir Qaralov və indiki Mərkəzi Bankın sədri Elman Rüstəmov hələ də büdcədən oğurladıqları demirəm, hər birinə götürdükləri 1 milyardı, toplam 2 milyard manatı hələ də qaytarmayıblar. Tək bu ikisindən borclar geri qaytarılsa 10 milyon vətəndaşın hər birinə bu gün çox ehtiyac duyduqları 190 manatı vermək olardı".
 
Tarix: 29-07-2020, 20:12
Xəbəri paylaş



Xəbər lenti