"AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib. Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir. Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır. Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir. Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli qeyd edib ki, “AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir: “Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb. “AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib. İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə! Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı həbs edilib. Yeri gəlmişkən, Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi. Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub. Müsahibələrində deyir: "ELİ, OBASI PƏRƏN- PƏRƏN DÜŞƏN İNSANLARDAN BİRİ DƏ MƏNƏM". Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub. Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (
http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik) qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub. Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə! Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu”.
Fotoları təqdim edirik
Tarix: 26-07-2020, 20:15