Avropada görünməmiş quraqlıq Azərbaycanı “yandıra” bilərmi - itkilər milyardlarla ölçülür



Qlobal iqlim dəyişikliyi bol sulu çayları qurudur; proses neft-qaza tələbatı sürətlə azaldır; Avropa Birliyi ölkələri hərəkətə keçir; amma...

Bütün dünyanın diqqəti koronavirus pandemiyasının yaratdığı böhran üzərində cəmləşdiyi indiki vaxtda Avropa ikinci böyük problemlə üzləşib. Bu, Azərbaycanda da ciddi çətinliklərə səbəb olan quraqlıqdır. Mülayim keçən iki qış Avropada təbii qaza qənaət etmək imkanı yaratsa da, yağıntıların qeyri-bərabər paylanması, bir çox hallarda iqlim normasından aşağı olması “qoca qitə”nin bütün çaylarında hazırda ciddi su azlığı yaşadır. Nəzərə alsaq ki, Avropa ərazisində daxili və ölkələrarası yükdaşımalarda çay nəqliyyatının rolu xeyli böyükdür, bu zaman çayların susuzlaşmasının yalnız aqrar sektora deyil, digər sahələrə də ciddi zərər vurduğu aydın olar.
Hazırda müşahidə olunan quraqlıq həm Avropa, həm də dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurmaqdadır. Hələ iki il əvvəl Avropa ekoloqları və fermerləri həyəcan təbili çalırdılar - birincilər görünməmiş həddə yüksək temperatur rekordları, ikincilər isə böyük həcmdə zərərləri ilə bağlı. Lenta.ru-nun yazdığına görə, həmin vaxt hətta Skandinaviya ölkələrində belə rekord səviyyədə - 33,5 dərəcə isti qeydə alınırdı. Nəticədə yetərincə nəmlənə bilməyən bitkiçilikdə məhsuldarlıq bəzi bitkilər üzrə iki dəfə aşağı düşdü. Tərəvəz yetişdirənlər son 40 ildə belə problemlərlə üzləşmədiklərini deyirdilər. Yunanıstan, İspaniya, İtaliyada yetişdirilən zeytunlar ağacların başındaca quruyub tökülürdü. Hətta çipsi istehsalçıları da çətinə düşmüşdülər - kartof istehsalında kəskin azalma vardı. Bundan əlavə, son illər atom elektrik stansiyalarını bağlayaraq su elektrik stansiyaları ilə təchizata keçən ölkələrdə böyük enerji çatışmazlığı yaranmışdı. Avropa dövlətləri zərərçəkən fermerlərə, şirkətlərə milyardlarla avro subsidiya ayırdılar ki, müflis olmasınlar. Bu prosesdən uduşda çıxan yalnız günəş batereyaları və quru ot satanlar oldu: yaşıl ot heyvan sürülərini doyuzdurmağa çatmırdı.
Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."
Problemi dərinləşdirən əsas amil yağıntıların paylanmasındakı qeyri-bərabərlikdir. Belə ki, Mərkəzi və Şimali Avropa hədsiz istidən əziyyət çəkdiyi bir vaxtda cənuba rekord yağıntılar düşürdü. Bunun nəticəsində cənubda yüksək məhsuldarlıq əldə olundu ki, bu da Avropanın ərzaqla təminatında ciddi problemin qarşısını aldı. Ötən il də temperatur rekordları yenilənsə də, ciddi quraqlıq olmadı. Lakin bu yay müşahidə olunan quraqlıq 2018-ci ildəkindən daha kəskinliyi ilə seçilir. Kopernik adına Avropa İqlim Dəyişmələri Xidmətinin mütəxəssisləri ilk növbədə kənd təsərrüfatı olmaqla, bir sıra sahələrdə milyardlarla avroluq zərər proqnozlaşdırırlar. Onların hesablamalarına görə, Mərkəzi və Qərbi Avropaya 3 illik aylıq ölçmələrin nəticəsi olaraq yağıntılar 40 faiz az düşür. Bu isə zərərçəkənlərin sayını və əhatə dairəsini, onlara veriləcək subsidiyaların həcmini artırır: hazırda Avropa dövlətləri koronavirus pandemiyasının yaratdığı böhranla mübarizədədir. Onların ümumilikdə 1,3 trilyon avrodan yuxarı vəsait xərcləməsi nəzərdə tutulur. Bu qədər xərcləmələrin fonunda ölkələr təbii fəlakətlə də üzləşməkdədirlər.
Almaniyanın əsas çayı olan Reyndə suyun səviyyəsi son 9 ildə ən aşağı həddə düşüb. İyun ayı ərzində Almaniyada iqlim normasının cəmi 5 faizi həddində yağıntı düşüb. Bu, 1881-ci ildən bəri ən pis göstəricidir. Meteoroloqlar yağıntıların artacağına ümid etsələr də, onlar çox qısamüddətli olur. Yaxın həftələrdə yağıntılar artmasa Reynlə yükdaşımalar mümkünsüz hala gələcək. Bu çayla əsasən taxıl, gübrələr, kimyəvi maddələr, kömür, neft məhsulları, ağac və metal məmulatlar olmaqla il ərzində çox böyük yüklər daşınır. Yüklər İsveçrənin Bazel şəhərindən başlayaraq çoxsaylı alman şəhərlərindən, Fransanın Strasburq şəhərindən keçməklə Şimal dənizinə çıxarılır. Qolfstirm cərəyanının təsiri ilə Reyndə su qışda donmur ki, bu da Almaniyanın əsas sənaye rayonlarını bütün ilboyu zəruri məhsullarla təmin etməyə, həmçinin istehsal olunan son məhsulu dünya bazarlarına çıxarmağa imkan verir. Çayda hərəkətin dayanması, yaxud məhudlaşması bütün ölkə boyu çatdırılma şəbəkəsinin qırılması demək olar ki, bu da iqtisadiyyat üçün böyük zərbədir.
Quraqlıq digər Avropa ölkələrini də ciddi problemlərlə üz-üzə qoyub. Məsələn, Çexiya müasir tarixində ən böyük quraqlığa məruz qalıb. Ölkənin ətraf mühit naziri İrji Brabets quraqlığın Çexiyaya pandemiyadan daha böyük zərər vuracağını bildirib. Bu ölkənin yeraltı su mənbələrinin 80 faizindən yuxarısında ciddi azalma müşahidə olunur. Ölkə ərazisindəki Vltava çayı əvvəllər tez-tez daşaraq yatağından çıxırdı. Sonuncu belə hadisə 2002-ci ildə qeydə alınıb. İndi isə çayda suyun səviyyəsi əvvəlki həddin dörddə üçü qədər azalıb. Hökumət zərərə düşən fermerlərə 3,5 milyard kron(126 milyon avro) vəd etsə də, indidən bunun yetərli olmayacağı aydın görünür.
SPACE Müstəqil Teleradio şirkəti
Fransada kənd təsərrüfatına yararlı torpaq sahələrinin yarıya qədəri quraqlığın ağır təsirinə məruz qalıb. Rumıniyada su anbarlarındakı su səviyyəsi rekord həcmdə azalıb. İsveçrədə Cenevrə ətrafına yazın əvvəlində yüz ildən artıq müddətdə ilk dəfə olaraq ayyarım yağıntı düşmədi.
Quraq və isti havanın yeganə müsbət təsiri günəş enerjisi istehsalının kəskin artımıdır. Bu il Epex Spot birjasında elektrik enerjisinin qiyməti sıfırdan da aşağı düşüb.
Aydın məsələdir ki, bütün bu anomal iqlim şəraitinin yaranmasının əsas günahkarı elə ondan daha çox zərər görən canlı - insandır. Məhz insanın fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazları iqlim kataklizmlərinin yaranmasına gətirib çıxarır. Hazırda dünyada atmosferə ən çox istixana qazı buraxan ABŞ, Çin, Hindistan və Rusiyadır.  Karbon qazının əsas mənbəyi sənaye istehsalıdır. Lakin öz-özlüyündə hər bir şəxs də iqlim dəyişmələrinə mənfi töhfəsini verməkdədir.
Son illərdə ekoloqlar iqlim dəyişmələrinin qarşısını almaq üçün diqqəti iki əsas məsələyə yönəldirlər: enerji təchizatında alternativ enerjinin payını maksimum artırmaq, sürətlə artan aviareyslərin sayını azaltmaq. Bu ilin birinci rübündə dünyada istehsal olunan elektrik enerjisinin 28 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb. Ötən il bu pay 26 faiz idi. İri dövlətlərin alternativ enerji sahəsinə yatırımlarının həcmi ildən-ilə artır. Bu isə yaxın illərdə onun payının dünya enerji təchizatında daha böyük həcmə çatacağını göstərir. Məsələn, Almaniyada iqtisadiyyatın bərpasına ayrılmış 145 milyard avronun 30 faizindən çoxu alternativ enerji sektoruna nəzərdə tutulub.
Qlobal iqlim dəyişikliyinin qarşısının alınması cəhdləri ənənəvi enerji mənbələri olan neft və qaza tələbatı sürətlə azaldır. Avropa Birliyinin demək olar ki, bütün ölkələrində daxili yanma mühərrikinə malik avtomobillərin satışını tədricən qadağan edən qanunlar qəbul olunub. Birlik üzvü olmayan Norveçdə elektromobillərin ümumi avtomobil parkında payı 40 faizdən yuxarıdır. Halbuki dünyada bu pay 2018-ci ildə 2,2 faizi keçmirdi.
Qlobal miqyasda baş verən iqlim dəyişmələri Azəraycanda torpaq ...
Bu istiqamətdə növbəti addım elektrotəyyarələrdir. Son vaxtlaradək havada qalma imkanlarının məhdudluğu üzündən elektrotəyyarələr üzərində işlər elə də cəlbedici sayılmırdı. Lakin 2019-cu ilin yayınd Le-Burjedə keçirilən aviasərgidə İsrailin “Eviation” şirkəti litium-polimer batereyalarla işləyən ilk kommersiya təyyarəsinin prototipini təqdim etdi. Doqquz sərnişin və iki ekipajı götürmək imkanına malik bu model aviasiya sahəsində ciddi tapıntı kimi qiymətləndirildi. Təyyarənin kütləvi istehsalına 2037-ci ildə başlanacağı gözlənilsə də, artıq bir sıra aviaşirkətlər sifarişlərini yerləşdirməyə başlayıblar.
Böyük Britaniyanın “EasyJet” şirkəti 10 ildən sonra sərnişinləri elektrotəyyarə ilə daşıyacağını vəd edir. “Eviation” isə bəyan edib ki, məqsədi qlobal iqlim dəyişikliyinin qarşısını almaq deyil, təyyarə ilə daşımaları ucuzlaşdırmaqdır. Şirkət rəhbərliyinin dediyinə görə, elektromühərriklə işləyən təyyarə ilə daşıma 1 mil (160,9 kilometr) üçün 400 dollardan 8-12 dollara qədər ucuzlaşacaq. Bu ideya reallaşarsa, dünyada neftə tələbat kəskin şəkildə azala bilər. Daha doğrusu, bu proses sürətlənə bilər. Bu isə neft istehsalçıları olan ölkələr üçün yaxşı perspektiv vəd etmir. Belə ölkələrdən biri olan Azərbaycanın əsas gəlirləri neft və qaz ixracından əldə olunur. Tələbatın azalması qiymətlərin düşməsi və Azərbaycanın gəlirlərinin azalması deməkdir.
Ölkəmizdə son iki ildə görünməmiş quraqlıq yaşanır. Mövcud su təchizatı şəbəkələrində 40-50 faizə çatan itkinin qarşısını almaq, suvarma sistemlərini qənaətli modellərə keçirmək, üstəlik, getdikcə artan su çatışmazlığını aradan qaldırmaq çoxmilyardlı vəsait qoyuluşu tələb edir. Neft-qaz gəlirlərinin azalması şəraitində Azərbaycanın bu vəsait qoyuluşlarını təmin etmək imkanında olmayacağı bəlli məsələdir. İqlim dəyişiklikləri sərtləşdikcə, aqrar sektorun ayaqda qalması,bir çox hallarda əhalinin içməli su ilə təminatı daha çox vəsait qoyuluşları tələb edəcək. Bütün bunlar yaxınmüddətli dövrdə Azərbaycanın xarici borclanmaya daha çox müraciət etməsinə gətirib çıxara bilər./“Yeni Müsavat”/

Tarix: 11-07-2020, 11:00
Xəbəri paylaş



Xəbər lenti