Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti: Dövlət qurumu şəxsi maraqlarla idarə olunur



Azərbaycanda müxtəlif dövlət qurumlarının qohumbazlıq prinsipi ilə idarə olunduğu ilə bağlı məlumatlar dəfələrlə medianın gündəminə gəlib. Bu dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi bir problemə çevirilib.
Bu xüsusda Editor.az-ın redaksiyasına olduqca maraqlı məlumatlar daxil olub. Bəlli olub ki, idarəçilikdə qohumçuluq və himayəçilik prinsipinin əsas götürüldüyü qurumlardan biri də "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətidir. Burada qurumun rəhbəri Saleh Məmmədovun rəhbərliyi altında qohum-əqraba hakimiyyəti qurulub.
Belə ki, "Azəryolservis” ASC-nin istismar idarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır.
Sədrin xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir.
Sədrin Səfiyar adlı qaynı isə "Azəryolservis”nin "qara mühasibatlığı”na məsul şəxsdir.
İddialara görə, "Azəryolservis” də sədr Saleh Məmmədovdan sonra quruma faktiki nəzarəti həyata keçirən istismar idarəsinin rəisi, quda Əflatun Qasımov ASC-də bütün müvafiq şöbə və idarələrin səlahiyyətlərini mənimsəyib, qurumu təkbaşına idarə edir. O, ayrı-ayrı məmurların öz qanuni vəzifələrini həyata keçirməsinə imkan vermir, onları özünün qanunsuz işlərinə alət olmağa məcbur edir.
Qeyd edək ki, Saleh Məmmədov adı mediada korrupsiya əməliyyatlarında ən çox hallanan şəxslər sırasında gəlir. Mətbuat dəfələrlə onun korrupsiyadan əldə etdiyi böyük miqdarda vəsaitlə topdağıtmaz sərvət sahibi olması ilə bağlı iddialarla çıxış edib.
Son məlumatlara görə, Saleh Məmmədov 1 saylı Ramanı qəsəbəsində beşmərtəbəli klinikanın tikintisinə başlayıb. Bundan başqa onun özünün və qudasının Azərbaycanın demək olar ki, hər rayonunda bir evi mövcuddur.
"Azəryolservis”in istismara verdiyi yolların ömrü bir neçə ayı keçmir. Məsələn, olkepress.com saytı yazır ki, Bibiheybət yolu 2019-cu ilin martın 1-də çöküb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təmir işlərinə başlayıb və mart ayının sonlarında yol yenidən istifadəyə verilib.
Bibiheybət yolunda 2015, 2017 və 2018-ci illərdə də təmir işləri aparılıb:
"Lakin keyfiyyətsiz iş üzündə hər dəfə bu yolda çökmə baş verib. Görünür, sonuncu dəfəki təmirdə də keyfiyyətə önəm verilməyib.
AAYDA-nın rəhbəri Saleh Məmmədov 2015-ci ildən yol təsərrüfatına rəhbərlik edir. 2015-ci ildə bu yana Bibiheybət yolu demək olar ki, hər il təmir olunur. Büdcədən milyonlarla vəsait xərclənməsinə baxmayaraq bu yolun ömrünü 1 ildən artıq uzatmaq mümkün olmur.
Bəlkə də ona görə ki, Saleh Məmmədov məsələn Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərmir. Bibiheybət yolunda torpaq sürüşməsinin qarşısını almaq üçün tikilən istinad divarları hörmətli Saleh Məmmədovun bəhs etdiyimiz villasının hasarı ilə müqayisədə çox kövrəkdir. Amma bu AAYDA sədrini o qədər də narahat etmir. Axı yol onun şəxsi mülkü deyil. Yollar ümumi istifadədir. Ordan "rəiyyət” də istifadə edir. Hər il onun təmirinə xərclənən vəsait də Saleh Məmmədovun şəxsi vəsaiti deyil. Xalqın puludur, nə qədər istəyirsən xərclə…”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
7News.Az
Tarix: 10-07-2020, 23:32
Xəbəri paylaş



Xəbər lenti