MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR? - Yaxud maliyyə sabotajı yaradanlar kimlərdir?



Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın lisenziyasının ləğv olunmasından sonra bu bankların əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun(ADİF) “əlinə baxmalı” olublar. Bu fond isə sözün əsl mənasında əmanətçilərin başına ip salıb fırlamaqla məşğuldur. İnsanlar halal pullarını geri ala bilmirlər. Baxmayaraq ki, bu əmanətlərini tam olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sığortaladaraq həmin banklara yerləşdiriblər və ADİF həmin vəsaitləri qaytarmağa borcludur!
Təsadüfi deyil ki, ADİF hazırda ən çox narazılıq və şikayət edilən qurumlardan biridir. Hal-hazırda bağlanmış 4 bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsi vəsaitini geri ala bilmirlər ki, bu vətəndaşları da iki qrupa bölmək olar. Birinci qrupa bəhanə olaraq deyilir ki, onların əlavə yatırımları qəbul olunarkən banklar tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi pozulub. İkinci qrupa aid əmanətçilərə isə bildirilir ki, bağlanan 4 bankın bəzilərinə vaxtiləəmanət qəbul etmələri qadağan edilibmiş. Buna baxmayaraq, banklar əmanət qəbul etməyə davam edib. Odur ki, bu banklara son dövrlərdəəmanət yerləşdirən vətəndaşlar pullarından “vaz keçməlidirlər”.
Hər iki bəhanənin tam qanunsuz və insanları “yola vermək” cəhdi olduğunu görmək üçün heç hüquqşünas, yaxud maliyyəçi olmağa ehtiyac yoxdur. Çünki bankların qorunan, yəni tam sığortalanmış əmanətləri hansı faizlə qəbul etmələrinə, eləcə də onların əmanət qəbulu hüquqlarının olub-olmamasına vətəndaş deyil, bank nəzarəti orqanları, yəni Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət etməli, eləcə də ADİF bu işdə iştirak etməli idi. Çünki qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı məhz ADİF qəbul edir və bankları məlumatlandırır – məhz bankları, əmanətçiləri yox!
Əmanətçi bunu bilməyə borclu deyil! Əmanətçi ilə bank arasında müqavilə tam qanuni şəkildə bağlanır, problem əgər varsa, məhz bankla bank nəzarəti qurumları, həmçinin ADİF arasındadır.

Deməli, məsuliyyət də onların boynundadır, vətəndaşın yox! Əlbəttə ki, hüquqşünas Əkrəm Həsənovun ADİF-i “ən savadsız və qeyri-dürüst qurum” adlandırması da təsadüfi deyil..
Digər tərəfdən, hazırkı biabırçı durumun yaranmasının əsas səbəbkarlarından biri Azərbaycan Mərkəzi Bankıdır(AMB). Çünki AMB bu banklara əmanət qəbulunu qadağan etməsinə dair heç açıqlama verməyib və vətəndaşların bundan xəbəri olmayıb. Əvəzində, AMB sədri bəlkə də dünyada analoqu olmayan bir formada günahı əmanətçilərin üzərinə yıxaraq, onları bank seçəndə səhv etməməyə çağırıb: “Hər bir müştəri bankı özü seçir. Tanış olduğumuz situasiyalardan görürük ki, bankı seçəndə müştərilər subyektiv amillərlə seçirlər. Tanışlıqla, hansısa filial müdiri qonşusudur və.s gəl hesabı bizdə aç. Bizim sistem əhəmiyyətli banklarımız var...”
Bu, birinci növbədə bank sistemindəki pinti idarəçiliyin məsuliyyətinin vətəndaşların üzərinə atılması cəhdidir.
İkinctərəfdən isə açıq-aşkar “sistem bankların”, yəni 4-5 böyük bankın təbliğatıl, reklamıdır.
Görəsən, dünyanın elə bir sivil ölkəsi varmı ki, onun Mərkəzi Bankının rəhbəri ölkə bankları arasında açıq-aşkar ayrıseçkilik edərək, insanları bu və ya digər banka müştəri olaraq yönləndirsin, hansısa bankı reklam etsin? Bir dəəgər yalnız həmin “sistem banklar”a etibar etmək olarsa, digər 20-dək bank nəyə lazımdır, niyə onların lisenziyaları ləğv olunmur? Ümumiyyətlə, bu nə absurd yanaşmadır?

Onu da xatırladaq ki, Elman Rüstəmov 4 il əvvəl “Bank Standard”ın da “sistem əhəmiyyətli bank” olduğunu deyərək, ictimaiyyəti əmin etmişdi. Lakin bir neçə gündən sonra həmin bank bağlandı, onun əmanətçilərinin əhəmiyyətli bir hissəsi isə hələ də pullarını geri ala bilmir...
Bir də ki, axı doğrudan da ölkədə bank sistemi, bank qanunvericiliyi, əmanətlərin sığortalanması sistemi normal işləyirsə, insanlar nəyə görəəmanət qoyduğu bankın “sistem”, yaxud “qeyri-sistem” olmasını araşdırmalıdırlar, ya da bankın arxasında kimlərin durması, onun hansı məmur-oliqarxa məxsus olması, onun sahibinin tezliklə vurulub-vurulmayacağı ilə maraqlanmalıdırlar?
Bu ölkədə “daşı-daş üstə qoymaq” istəyəndə həmin daşın hansı karyerdən, hansı maşınla və neçəyə gətirilməsini aydınlaşdırmaq “iki vur iki” qədər asan olduğu halda, hansısa bank necə aylarla, hətta az qala illərlə qanunsuz şəkildəəmanət qəbul edə bilər axı? Guya Mərkəzi Bank və ADİF bunu görmürdü? Əlbəttə ki, görürdülər. Bəs nə gözləyirdilər və məqsədləri nə idi – bugünkü durumun, insanların kütləvi şəkildə öz ölkəsindən, dövlətdən, hakimiyyətdən narazı salınmasımı? Əhalinin ölkənin iqtisadi sütunlarından olan strateji sahəyə- bank sektoruna inamının yerlə yeksan olmasımı?
Bu gün məhz bank sektoru vəəmanətlərin sığortalanması sistemi Azərbaycanda ən başıpozuq, etibarsız, vecsiz idarəetməsi olan sahə təəssüratı bağışlayır. Bəs bu vəziyyəti yaradanlar kimə və nəyə xidmət edirlər görəsən? Bu fəaliyyət dövlətə qarşı illər boyu davam edən maliyyə sabotajı deyilsə, bəs nədir? Vətəndaşı vətənindən, dövlətdən, hökumətdən narazı salmağın bundan “effektli” yolu varmı?
Hazırda banklarda əmanətləri batan sıravi vətəndaşlar pandemiyanın tüğyan etdiyi dövrdə küçələrə düşərək, ADİF-in və Mərkəzi Bankın qapılarında qalıblar - növbələr, sıxlıq, basabas baş alıb gedir. Bu isə o deməkdir bank sektorundakı və ADİF-dəki pinti idarəçilik insanlarımızın təkcə olan qəpik-quruşuna deyil, canına, sağlamlığına da qənim kəsilib...
Cəlal Məmmədov
“AzPolitika.info”  
Tarix: 9-07-2020, 08:30
Xəbəri paylaş



Xəbər lenti