Azərbaycanda bağlanmış 4 bankdakı əmanətlərin qaytarılması zamanı bu bankların lisenziyası ləğv olunmamışdan bir neçə ay əvvəl Mərkəzi Bankın onlara əmanət qəbulu ilə bağlı qadağa qoyduğu, bankların isə bu qərara əhəmiyyət vermədən əmanət qəbulunu davam etdirdiyi məlum olub. Nəticədə bağlanan banklarda əmanət yerləşdirən bir sıra şəxslərin öz əmanətlərini geri almasında problemlər yaşanır.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Report"a verdiyi açıqlamada mövcud məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Ümumiyyətlə, banka əmanət qəbul etməyi qadağan etmək məqsədəuyğun deyil. Təsəvvür edin siz banka gəlib əmanət yerləşdirmək istəyirsiz, bank isə imtina edir. Əmanət qəbul etməkdən imtina edən bank ola bilərmi? Bu, ona bənzəyir ki, dükana girib mal almaq istəyirsiz, amma satmırlar. Banka gəldikdə, təbii, onun əmanət qəbul etməkdən imtina etməsi faktı dərhal ictimailəşəcək və hamı başa düşəcək ki, ona əmanət qəbul etməyi qadağan ediblər. Deməli, bu bankın vəziyyəti pisdir. Belə olan halda bankın müştəriləri axışacaq banka pulunu çıxarmağa və o, olduğundan da ağır vəziyyətə düşərək iflic olacaq. Axı heç bir bank bütün müştərilərinin vəsaitini eyni anda qaytara bilməz. Çünki onların vəsaitinin çoxunu kredit kimi verib.
İndi özünüz deyin: Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən “AGBank”a və “NBC Bank”a əmanət qəbul etməyi yasaq etmək nə dərəcədə məntiqli və düzgün addım olub? Belə məhdudiyyəti tətbiq etməkdənsə bankı elə bağlamaq daha ağlabatan deyilmi? Odur ki, bankirlərin sözügedən məhdudiyyətə riayət etməmək istəyi əslində başa düşüləndir. Burada da iki yol var: qanunu pozmaq (bunu əlbəttə ki, alqışlamırıq!) və ya məhdudiyyətin yanından ötüb keçmək. Sonuncu halda qanun pozuntusu yoxdur, amma bunu etmək də asan deyil, hər şey bank nəzarəti orqanının qərarının nə dərəcədə savadlı tərtib olunmasından asılıdır.
Tutaq ki, həm “AGBank”, həm də “NBC Bank” bank nəzarəti orqanının qanuni tələbinə riayət etməyib. Həmin bankların rəhbərliyinin cəzalandırılmalı olduğu, əmanətlərin onların hesabına qaytarılmalı olduğu və digər məsələlər barədə fikirlər səslənir. Əlbəttə, qanun pozulubsa, onu pozan məsuliyyətə cəlb olunmalıdır. Amma burada söhbət heç bir cinayətdən və ya vurulmuş maddi zərərdən gedə bilməz. Belə ki, sözügedən pozuntu sırf inzibati xətadır. İnzibati Xətalar Məcəlləsində “Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma” adlı 436-cı maddə var. Həmin maddədə deyilir:
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir”. Nəzərə alsaq ki, bu iki bankın lisenziyası ləğv edilib, deməli, maksimum həmin bankların rəhbərləri 3 000 manat məbləğində cərimə edilə bilər. Vəssalam! Burada qeyri-adi bir şey yoxdur. Sözügedən pozuntu olubsa belə, orada cinayət niyyəti, kiməsə zərərin vurulması faktı olmayıb. Ən əsası isə odur ki, banka əmanət qəbul etməyin yasaq edilməsi “Banklar haqqında” Qanunun 48-ci maddəsinə əsasən təshih tədbiri hesab olunur və onu tətbiq etmiş bank nəzarəti orqanı onun icrasına özü nəzarət etməlidir. Bank məhdudiyyətə əməl etmirsə, daha sərt tədbirlər görülməlidir, o cümlədən bank lisenziyasının ləğvi. Vəssalam!
Sözügedən təshih tədbiri 2017-ci ildə “AGBank”ın yoxlanılması nəticəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq edilmişdir. Lakin həmin dövrdə Palata bankları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq yoxlamalı idi. Həmin Qanunun isə yoxlamalara dair xeyli tələbi var. Məsələn, yoxlama vahid məlumat reyestrində dövlət qeydiyyatı əsasında aparılmalıdır. Palata isə bu və həmin Qanunun digər tələblərinə heç vaxt riayət etmirdi.
Sözügedən Qanunun 3.2-ci maddəsində deyilir: “Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ-hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Yalnız 2019-cu ilin fevral ayında həmin Qanunun 2.2-ci maddəsinə müddəa daxil edildi ki, o, maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Deməli, Palatanın bütün yoxlamaları və banklara tətbiq etdiyi tədbirlər yalnız 2019-cu ilin fevral ayından başlayaraq hüquqi qüvvəyə malik olub".
Ə.Həsənovun sözlərinə görə Palatanın “AGBank” barədə qərarı mahiyyətindən və məzmunundan asılı olmayaraq hər bir halda qanunsuz olub:
"Mən hələ onu demirəm ki, Palata ləğv edildikdən sonra onun qərarları da qüvvədən düşüb. Çünki Prezidentin 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Palata Mərkəzi Banka birləşdiriliməyib, məhz ləğv edilib.
Amma, tutaq ki, Palatanın yoxlama aparmaq və təshih tədbiri tətbiq etmək səlahiyyəti olub. Həmin tədbirin məzmunu belə olub: fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu və qorunan əmanətlərin həcminin artımı dayandırılsın. İkinci məhdudiyyət ümumiyyətlə qanunsuzdur. Banka sırf qorunan əmanətin qəbulunun qadağan edilməsi o deməkdir ki, o, yalnız qorunmayan əmanət qəbul edə bilər. Bu isə əmanətçilərin hüquqlarının kobud şəkildə pozulmasıdır. Sanki belə çıxır ki, dövlət Palatanın simasında banka deyir ki, əhalidən yalnız qorunmayan əmanət qəbul et, onlar batsa da olar. Bu isə mümkün deyil.
İndi isə gəlirik fiziki şəxslərdən müddətli əmanətlərin qəbuluna qoyulan qadağaya. Mülki Məcəllədə bankların vəsait cəlb etməsinə dair 2 fəsil var: “Bank əmanəti” (51-ci fəsil) və “Bank hesabı” (52-ci fəsil). Palata banka 51-ci fəsil üzrə əmanət qəbul etməyi qadağan edib. “AGBank” isə 52-ci fəsil üzrə fiziki şəxslərdən bank hesablarına vəsait qəbul etməyə davam edib. Özü də faizli. Çünki Mülki Məcəllənin 962-ci maddəsinə (52-ci fəsildədir) əsasən bank hesabı müqaviləsi üzrə də bank müştəriyə faiz ödəyə bilər. Təbii, fiziki şəxsin bank hesabında olan vəsait də qorunan əmanətdir. Bağlanılan bank hesabı müqavilələrində müştərinin “əmanətçi” adlandırılması da Mülki Məcəllənin deyil, “Əmanətlərin sığortalanması haqqında” Qanunun mənasındadır.
Odur ki, bank Palatanın məhdudiyyətinə hər bir halda riayət edib. Sadəcə vəsait cəlb etmək üçün Palatanın qərarında məhdudlaşdırılmayan alətdən istifadə edib. Amma “AGBank” vətəndaşlarla bank əmanəti müqaviləsi bağlasaydı belə, həmin müqavilələr etibarlı olacaqdı. Belə ki, Məcəllənin 51-ci fəsildə yerləşən 945.2-ci maddədə deyilir: “Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır”. Göründüyü kimi, qanun bu halda bankın yalnız hüquqi şəxslərdən qəbul etdiyi əmanətləri etibarsız hesab edir. Fiziki şəxslərin əmanətlərinə aid deyil.
Əslində, “AGBank” tərəfindən Palatanın qərarının pozulmadığı elə Palatanın öz münasibətindən və davranışından da tam aydındır. Palata məhdudiyyəti 2017-ci ildə tətbiq edib. 2017-2019-cu illər ərzində bu bankdan daim hesabatlar alıb (2017-2018-ci illər üzrə o cümlədən illik hesabatları). Həmin hesabatlarda təbii ki, qəbul edilən vəsaitlər barədə də məlumat olub. Digər tərəfdən, Palatanın nümayəndəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının üzvü olub və ƏSF-nin də hesabatları ilə tanış olmaq imkanı olub. “AGBank”dan ƏSF-ə qorunan əmanətlər üzrə sığorta haqqı ödədiyini görə bilərdi. Amma Palata banka heç bir etiraz etməyib. Halbuki, 2017-ci il tarixli qərarının sonunda yazmışdı ki, “AGBank” onun göstərişlərinə əməl etmədiyi təqdirdə ona qarşı əlavə tədbirlər tətbiq edəcək. Amma tətbiq etməyib. Deməli, bankın qəbul etdiyi vəsaitlərin qanuniliyinə şübhəsi olmayıb. Yəni Palata dolayısı ilə özü etiraf edib ki, bank onun göstərişini pozmur.
Nəhayət, Palata hər bir halda ƏSF-ə “AGBank”a qarşı tətbiq etdiyi tədbir barədə rəsmi məlumat verməyib. Deməli, bankın qorunan əmanət qəbul etməsinə qarşı olmayıb. Yeri gəlmişkən, ƏSF rəhbərliyinin məsələdən məlumatsız olması da heç inandırıcı görünmür. Ölkəmiz kiçikdir. Bank sistemimiz də. Sistem çərçivəsində hamının hamıdan xəbəri var".
Ekspertin vurğuladığı kimi həmin bank rəhbərlərini maksimum 3 000 manat cərimə gözləyir. Belə olan təqdirdə isə, banklar əmanət qəbul edib bu xırda cərimə ilə canlarını qurtara bilərlər. Görünür, nəzarət etməli olan qurumlara papağını qarşısına qoyub düşünmək üçün xeyli problemlər var.
Tarix: 1-07-2020, 15:44