2019-cu ildə qazanılan dövlət satınalmalarında lider olan “İnpeks.N” MMC-nin dövlət büdcəsinə 7 milyon manatdan çox vergi borcu var...İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şirkət bu günə qədər 7 milyon 263.9 min manat məbləğində vergi ödəməyib.
Bu il “İnpeks.N” MMC dövlət sturkturları ilə işlərin həyata keçirilməsinə dair yalnız bir müqavilə bağlayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarından biri bu şirkətə şəhərdəki yaşayış binalarının təmirini tapşırıb. Bu ilin mart ayında bağlanmış müqavilənin dəyəri 19 985 998 manat (11 756,4 min ABŞ dolları) təşkil edib.
Dövlət satınalmaların vahid elektron portalı 2019-cu ildə “İnpeks.N” MMC-ə verilən azı 230 satınalma müqaviləsi barədə məlumat verir. Bu o deməkdir ki, şirkət demək olar hər gün ən azı bir dövlət satınalma prosedurunu qazanıb.
Turan İA-nin hesablamalarına görə, bu müqavilələrin ümumi dəyəri 67 941 142 manat (39.9 milyon dollar) təşkil edib.
Şirkət yol təmirindən ehtiyat hissələrin alınmasına qədər geniş profilli işlər həyata keçirib.
“İnpeks.N” MMC 2013-cü ildə direktoru İntiqam Ramazanovun mənzilində qeydiyyata alınıb. Bu şirkətin ofisinin yeri barədə heç bir məlumat yoxdur.
Sertifikatlaşdırma orqanının məlumatına görə, şirkət bəzi növ ofis mebelləri istehsalçısı və idxalçısıdır.
45 yaşlı İ.Ramazanov daha iki şirkətin direktorudur: “Kaspian Təchizat İstehsalat” MMC (2009) və “Musaoğlu” MMC (2003).
Tarix: 26-06-2020, 14:59