Azərbaycanda növbəti bahalaşma dalğası...


İyunun son ongünlüyü qonşu ölkələrdə, o cümlədən Azərbaycanda yay fəslinə adekvat olmayan hava şəraiti ilə başladı. Belə ki, iyunun 21-də axşam saatlarında  Türkiyənin Bursa vilayətində sel və daşqın baş verib. Nəticədə bir neçə vətəndaş itkin düşüb, sonradan onlardan 5 nəfərinin cəsədi tapılıb.
 
Türkiyənin Bursa ilə yanaşı, Sakarya, Eskişehir, Edirnə, Kocaeli, Balıkesir, Ordu və digər vilayətlərdə də baş verən güclü sel və daşqın ciddi fəsadlar yaradıb. Güclü külək ağacları qırıb, maşınları sel aparıb. Şəhər mərkəzlərində yollar çöküb. Məhəllələr selin gətirdiyi daş, torpaq, lil yığını, ağac kötükləri ilə dolub. Bərpa və təmizlik işlərinə ağır texnikalar cəlb olunub. Əhaliyə külli miqdarda zərər dəyib.
 
Bundan başqa, elə həmin gün Rusiyanın Moskva şəhərində güclü yağış və tufan nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb, ağaclar kökündən çıxaraq aşıb. Gün ərzində Rusiya paytaxtında aylıq normanın 70 faizi qədər yağıntı qeydə alınıb. Nəticədə yollar və piyada keçidləri su altında qalıb. Belə ki, Moskvanın Varşava şosesini, Vernardskoe və Miçurinskoe prospektlərini və ətraf küçələri su basdığından avtomobillərin hərəkəti çətinləşib, bir çox küçə və həyətlərdə maşınlar su altında qalıb. Varşava şosesində yeraltı keçidi tamamilə su basıb. Bir neçə yerdə torpaq çökməsi qeydə alınıb, 10-dan çox ağac aşıb.
 
Qonşu ölkələrdə yaşanan hava şəraiti ölkəmizdə də müşahidə olunub. Ötən gün Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Gədəbəyə qarın yağması ilə nəticələnib. Rayonun Arıxdam, Söyüdlü, Qaradağ və ətraf kəndlərinə, eləcə də mərkəzə qar, ardınca isə dolu yağıb.
 
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Natiq Nağıyev APA TV-yə bildirib ki, təbiət hadisəsi nəticəsində əkin sahələrinə, qaz xətlərinə ziyan dəyib, həmçinin kənd yollarında bəzi keçidlər dağılıb. Gecə saatlarından başlayaraq, aidiyyəti qurumun nümayəndələri və texnikalar hadisə yerinə cəlb edilərək dağılmış yollar bərpa olunub. Kəndlərə dəyən ziyanın isə hesablanması həyata keçirilir.
 
Bir gün öncə isə Gədəbəy rayonuna yağış və dolu yağmışdı. Rayonun Soyuqbulaq kəndində təxminən 30 dəqiqə yağan dolu, 100 hektar kartof sahəsi, arpa və meyvə ağaclarına ziyan vurmuşdu. Bundan başqa, Yardımlı və Tovuz rayonunda da güclü külək meyvə ağaclarına, əkin sahələrinə ziyan vurub.
 
“Yeni Müsavat”a açıqlamasında anomal hava şəraitinin kənd təsərrüfatına vurduğu ziyanı açıqlayan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edib ki, fəsilə uyğun olmayan hava şəraiti, qışda yay faktoru, yayda isə qış fəslinin hava şəraitinin müşahidə olunması kimi anomaliyalar kənd təsərrüfatı bitkiləri üçün stress faktoru yaradır: “Baş verən bu hallar bitkinin hazırkı bioloji dövrü üçün problem yaradır. İndi bizim bölgələrdə, əsasən də dağlıq bölgələrdə dolu düşməsi və qar yağması kənd təsərrüfatına da təsir edib. Xüsusən də Gədəbəy və ətraf rayonlarda əsasən kartof əkini həyata keçirilir. Əhalinin böyük bir hissəsi kartofçuluqla məşğul olur. Hazırda bu məhsul vegetasiyanın ən aktiv fazasıdır. Kartof elə tərəvəz məhsuludur ki, meyvələri torpağın altında olur, yaşıl kütləsi isə onun vegetasiyasını təmin edir. Daha çox günəş enerjisi alaraq torpağın altında meyvənin formalaşmasına təsir göstərir. Dolu nəticəsində tərəvəzin yaşıl kütləsi zədələndiyinə görə ilk növbədə fotosintez prosesi pozulur. Bu zaman torpağın altındakı meyvələrin dolma, yetişmə, formalaşma prosesi avtomatik olaraq dayanır. İndiki dövrdə kartofçuluq üçün ən arzuolunmaz, ən təhlükəli təbii faktorlardan biri doludur. Şübhəsiz ki, bu, məhsuldarlığa ciddi təsir göstərəcək”.
 
N.Nəsirli  qeyd etdi ki, Aran bölgələrində daha çox taxıl biçini üçün risklər  var: “Əgər Aran bölgələrindən söhbət gedirsə, orada əsasən arpa və taxıl biçini həyata keçirilir. Arpanın biçini başa çatıb, taxıl biçini isə təzə başlayıb. Bu hava şəraiti taxılçılıq üçün də zərərlidir. Hazırda aran bölgələrində taxıl biçininin aktiv fazasıdır. Taxılda vegetasiya prosesi başa çatıb, sünbüllər tamamilə quruyub və tökülməyə çox meyllidir. Buna görə də biz fermerlərə məsləhət görərdik ki, biçini optimal vaxtda başa çatdırsınlar. Aran bölgələri üçün dolu, güclü küləklər çox ciddi təhlükədir, əgər bu cür hava müşahidə olunarsa, sahənin ümumilikdə 30-40%-nə ziyan dəyə bilər. Silkələnmə nəticəsində dənin böyük bir hissəsi yerə töküləcək ki, sonra onu yığmaq mümkün olmayacaq. Bundan başqa, yağıntı nəticəsində taxılın yerə yatması kombaynın  normal biçin prosesinə mane olacaq ki, bu da məhsuldarlıqda ciddi itkilərə gətirib çıxara bilər “.
 
Ekspert vurğuladı ki, yayın oğlan çağında qar və dolu yağması meyvəçiliyə də ziyan vurur: “Artıq tez yetişən tumlu meyvələr, gilas, ərik, gavalı kimi mövsüm meyvələri xarici təsirlərə davamsızdır. Yağışlar yağarsa, meyvələrin xarici əmtəə görünüşündə ləkələr yaranacaq, zədələr, büzüşmələr olacaq. Axşam soyuq, gündüz isti keçməsi, bir gündə iki fəslin havasının müşahidə olunması meyvə ağaclarında çox təhlükəli  dəmgil xəstəliyinin yaranmasına səbəb olur. Məhsulun əmtəə görünüşündən, ağacın təsərrüfat dövrünə qədər də təsir edir. Sonra fermer bu xəstəliyə qarşı uzun müddət mübarizə  aparmalıdır. İndi meyvələrin yetişmə dövrü olduğundan kimyəvi mübarizə aparılması mümkün deyil. Elə petisitlər var ki, onların təsiri 15-20 gün qalır, ona görə də bu dövrdə dəmgil xəstəliyinə qarşı onlardan istifadə problem yarada bilər".
 
N.Nəsirlinin sözlərinə görə, bütün bu faktorlar kənd təsərrüfatında risklərin nə qədər böyük olduğunu göstərir: “Belə bir məqamda aqrar sığorta kiçik və orta təsərrüfatlar üçün hava və su kimi lazımdır. Böyük təsərrüfatlar üçün bu amillərdən heç biri problem yaratmır. Onların özünün mühafizə sistemi var, əkinçilik və bağçılıqda sahələri elmi əsaslarla qururlar. İqlim amillərinə və stress faktorlarına qarşı elə metodlar tətbiq ediblər ki, onlar bu hava şəraitinə də hazırdırlar. Elə sortlar var ki, onlar davamlıdır. Ancaq kiçik və orta təsərrüfatlarda bu faktor nəzərə alınmır. Çox zəif sortlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığa təsir edir.  Ona görə də sığorta sistemi tətbiq olunarsa, bu kimi durumlara fermerlərimiz hazırlıqlı olar”.
  
Tarix: 24-06-2020, 09:01
Xəbəri paylaş



Xəbər lenti