Yaxud manatı qorumaq üçün sosial məsafə tədbirləri
Mərkəzi Bank valyutadəyişmə qaydalarına dəyişiklik edib. 2006-cı ildəki qərara görə 5000 (beş min) dollardan çox pulu dəyişmək, almaq üçün şəxsiyyəti təsdiq edən sənəd və sairə tələb olunurdu. İndən belə isə bu rəqəm 10 dəfə azaldılır. 500 dollar almaq istəyən də dövlətə arayış verməlidir. Ki, bu pulu nə üçün alır, hansı qələti qarışdırmaq fikrindədir, rüşvət verəcəkdir, yoxsa təzə telefon alacaqdır, balkonu qabağa uzadıb qonşunun bağrını çatladacaqmı və sairə və ilaxır. Toplanacaq sənədlər sırasında 500 dolların mənbəyi, mənsəbi, məbləği, məzhəbi, alıcının qayınanasının kəbin kağızı, balaca oğlunun kirvəsinin sürücülük vəsiqəsi, Rasiyada yaşayan bacanağının pasportunun surəti, pulu dəyişən bank əməkdaşının pay torpağının olmadığı haqda sənəd məcburən olmalıdır.
Maraqlı maliyyə xəbəridir. Ola bilər hökumət qeydiyyatsız valyuta alışında yuxarı həddi cəmi 500 dollara qaldırmaqla əhalinin valyuta alışını önləmək, manatı devalvasiyadan daha çox qorumaq fikrindədir. Buna bir növ “dəvəquşu siyasəti” deyə bilərik. Yəni sən problemi görməzliyə vurursan, vəssalam. Bank sektoru çöküb, bir-iki inhisarçı bankla hansısa sağlam maliyyə bazarı qurmaq mümkün deyilsə, camaatın öz manatcıqlarını dollara çevirməyinə hansısa badalaq vurmaqla prosesi müəyyən qədər uzatmaq olar. Sovet vaxtı təxminən belə idi: rublun dollara nisbətən rəsmi kursu guya 75 qəpik idi, ancaq qara bazarda, Kubinkada-filanda camaat 1 dolları 25 rubla alırdı. İndi də 500-dən çox dollar almaq istəyən qara bazara üz tutacaq. Ya da heç yerə üz tutmayacaq, elə bankın özündə qeyri-rəsmi dəyişəcəklər, çıxıb gedəcək işinin dalıyca.
Əlbəttə, bunun bizə və bizim əziz oxuculara istisi-soyuğu yoxmuş kimi görünür. Limiti lap 5 dollara endirsinlər, bizdə olmayandan sonra, hara hesabat verəcəyik? Sadəcə, adama gülməli gəlir ki, bəyəm limit 5 min olanda əlaqədar orqanların bundan xəbəri var idi? Çirkli pulların yuyulması, gizli iqtisadiyyatla mübarizə aparılırdı? Əgər elə idisə, hansısa icra başçısı tutulanda kabinetindəki yeşiklərdən çıxan yüz minləri, milyonları aşan valyutalar hansı bankdan alınıb ora toplanmışdı ki, Mərkəzi Bankın və sairə orqanların xəbəri olmamışdı? Hə, mənim ağlıma yalnız bir variant gəlir: bunlar valyutanı birbaşa Amerika mərkəzi bankından – Federal Ehtiyatlar Sistemindən əldə etmişlər! Yoxsa biz korrupsiyadan vaxtında xəbər tutardıq.
Bu arada, mövzu açılmışkən, Eldar Mahmudovdan bir daha tələb edirik, Metro Tağının 3 milyon dollarını qaytarsın. Ağır karantin günlərində yaşı 65-i keçmiş pensiyaçı ağsaqqala qarşı bu addım böyük humanizmdən xəbər verərdi. 3 milyon dolları 5 min paya böləndə 600 edir. Deməli, Tağı müəllim 40 illik maaşını toplayaraq əldə etdiyi manatları dollara çevirmək üçün 600 dəfə valyuta dəyişmə məntəqəsində getmişdir. Ağlıma bir riyazi məsələ də gəlibdir, mümkündürsə Məleykə xanım bunu qarşıdan gələn imtahanlarda testə daxil etsin: “İmişli icra hakimiyyətinin başçısı Vilyam müəllim həbs edilərkən kabinetindən iki yeşik avro və dollar çıxmışdı. Hər yeşikdə 5 milyon avro və yarım milyon dollar olarsa, karantin günlərində işsiz qalan dəlləklərə nə qədər sosial yardım etmək mümkündür?”
Çirkli pulların yuyulması, korrupsiya ilə mübarizənin şiddətlə davam etməsinə də sevinirik. Yoxsa camaat elə fikirləşməyə başlamışdı ki, məmurlarla mübarizə də karantinə alınıbdır, hamı zorən maskalandığı dövrdə çekistlərimiz fonda itəcəkdir. Dünən Abşeron rayon icra hakimiyyətində əməliyyat aparılması xəbəri yayıldı. Lakin sonradan xəbər təkzib edildi. Bəs niyə elə xəbər yayılmışdı? Bəlkə əhalinin nəbzini yoxlayırlar? Hansısa elmi eksperiment aparılır? Nə bilmək olar…
Güman edirəm, bu 500 dollar qərarı vaxtında verilsəydi Eldar müəllimin uşaqları Londona 100 milyon dolları da çıxarıb apara bilməzmiş. Tapın görək 100 milyon dolları almaq üçün banka neçə reys getmək lazımdır və buna portaldan hansı sayda mesajla nail olmaq mümkündür.
Müəllif:
Zamin Hacı
Tarix: 23-06-2020, 16:12