“Devalvasiya olacaq” - İqtisadçı


Mərkəzi Bank və hökumət valyuta satışı qaydalarını absurdcasına sərtləşdirib. Məqsəd süni, inzibati yolla valyutaya tələbi azaltmaq, satışı nəzarətə almaq, beləliklə də (Allah bunları qoymasa) guya, manatın məzənnəsini qorumaqdır. Adamlar nə tarixdən, başqalarının buraxdığı səhvlərdən, daha betəri, hətta öz səhvlərindən belə nəticə çıxara bilmirlər. Hələ də anlamırlar ki, pulun və fikrin qarşısını inzibati üsulla, zorla, dəyənəklə almaq olmaz - hətta SSRİ belə bunu bacarmadı, nə qədər sərt qanunlar olsa da o zaman belə valyuta qara bazarı həmişə var idi.
 
Bu absurd qaydalar nəyə gətirəcək: 1) Ölkədə yenidən qara bazar yaranacaq, zənglə, watsapp-la dollar satılacaq, 2) Ölkədə bir rəsmi, bir də qara bazar məzənnəsi olacaq - hətta özbəklər belə bundan imtina etdilər, bizimkilər indi bu səhv yolla gedir, 3) Ölkədə valyuta alınmasının çətinləşməsi xaricdən gələn malların qıtlığına, bahalaşmasına səbəb olacaq - qara bazar məzənnəsi də malın qiymətinin üzərinə gələcək, 4) Ölkədən valyuta çıxışı azalan kimi daxildə iqtisadi aktivlik də azalır - bu isə daha çox işsizlik, daha çox sosial gərginlik deməkdir, 5) MB və hökumət sevinir ki, son hərraclarda dollar az satılır, daha anlamırlar ki, bu dolayısı ilə iqtisadiyyatın durğunluq nöqtəsinə gəlməsinin, insanların alıcılıq qabiliyyətinin itirməsinin göstəricisidir.
Daha adam bilmir bunlara nə desin, necə anlatsın ki, absurd qərarlar almasınlar, bu qərar ölkədə tək-tük qalan xarici investorları da məmləkətdən didərgin salacaq, nəticədə yenə də devalvasiyaya getməyə məcbur olacaqlar - bu qaçılmazdır. Nə isə...
 
Natiq Cəfərli
 
İqtisadçı
Tarix: 21-06-2020, 22:49
Xəbəri paylaş



Xəbər lenti