Bank sistemi niyə çöküşdə?- SƏBƏBLƏR


Bank sistemi niyə çöküşdə?- SƏBƏBLƏR

Müasir dövrdə texnologiya sahəsi durmadan inkişaf edir, yeni nailiyyətlər əldə olunur. Bütün dünya elektron idarəetməyə keçir.
Lakin Azərbaycanda elektron idarəetmə kifayət qədər inkişaf etməyib. Hələ də Azərbaycan banklarında internet üzərindən elektron hesab açmaq mümkün deyil. Son zamanlar isə pandemiya şəraiti bu məsələdə olan problemləri daha da qabardır.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu sahədə olan əsas problemləri sadalayıb:
“Deməzdim ki, bizim banklarda elektron, internet ödənişləri heç yoxdur, sadəcə inkişaf etmiş ölkələrdən, dünyanın ən qabaqcıl təcrübəsindən geri qalmışıq. Bu da onunla bağlıdır ki, dünyada bu texnologiyalar ildən-ilə dəyişir, inkişaf edir. Bizdə isə 5 ildən çoxdur ki, artıq bank sistemimizdə dərin böhran var. Bu texnologiyaların inkişaf etdirilməsinə pul qoymaq lazımdır. Banklar da dərin böhran içində olduğu üçün pul qoymurlar. Hətta ən iri banklarımızda belə görürürük ki, texnologiyalar pis inkişaf edib. Bu, məsələnin bir tərəfidir, digər tərəfi odur ki, Azərbaycan banklarında sağlam rəqabət yoxdur. Rəqabət olsaydı, əlbəttə, hansısa bank özünə daha çox müştəri cəlb etmək üçün bu texnologiyaları inkişaf etdirərdi ki, digər bankların müştərilərini əlindən alsın. Bizdə isə bank sistemində inhisarlaşma meyilləri güclüdür. Buna görə də rəqabət arzuedilən səviyyədə deyil. Bu da ikinci problemdir.
Üçüncü problem odur ki, bank sistemində kadr qıtlığı var. Bu işi bilən adam azdır, bəzi banklarda ümumiyyətlə, yoxdur.
Nəhayət, sonuncu məqam nəzarət orqanının onu təşviq etməməsidir. Bank nəzarəti orqanı indi Mərkəzi Bankdır. O öz təlimatları, qaydaları ilə bunu təşviq etməlidir. Lakin bunu kifayət qədər etmir”.
Tarix: 19-06-2020, 14:26
Xəbəri paylaş



Xəbər lenti