Su hanı, “Azərsu”?!


Su hanı, “Azərsu”?!
ASC-nin cavabı vətəndaşlara hörmətsizlik və ya onlarla əylənməyin nümayişi kimi qəbul edilə bilər
 
Bir insanın susuz nə qədər yaşaya biləcəyi sualına dəqiq cavab hələ mövcud deyil. Əksər alimlər hesab edirlər ki, bir həftə - insan orqanizminin su olmadan yaşaması üçün ən maksimal müddətdir. Orta hesabla bir adam 3-4 gündən sonra su olmadan ölə bilər. Üstəlik, quru və isti bir iqlimdə bu müddət bir-iki günə qədər azalır.
 
Vurğulayıram ki, söhbət insanın susuzluğu yatıran bir qaynaq kimi sudan sitifadəsindən gedir. Ancaq suyun başqa istifadə təyinatları da var: Xüsusilə çimmək, qabları yuymaq, üzr istəyirəm, tualetdəki qida tullantılarını axıtmaq və sair.
 
Mən bu sadə, hamının bildiyi həqiqətləri yenidən sadalamağa məcburam, çünki "Azərsu" ASC bunu məqamları tamamilə unudub. Qurumdan bildirilmişdi ki, 14 iyun 00:00-dan 16 iyun 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar ASC xüsusi rejimdə işləyəcək. Əslində, ölkə vətəndaşları "Azərsu"nun "xüsusi rejiminin" nə demək olduğunu yaxşı bilirlər. Bu “xüsusi rejim” respublika vətəndaşlarının iki günlük evdəqalma vəziyyəti zamanı özünü bir daha xatırlatdı.
 
Nəticədə, iki aydan çox su qıtlığından əziyyət çəkən Binəqədi rayonunun sakinləri ekstremal tədbirlər görmək məcburiyyətində qaldılar - etiraz aksiyası keçirdilər, “Azərsu” rəsmilərini cavab verməyə çağırdılar ki, “niyə insanları sərt karantin dövründə susuz qoyursuz?!”. Yerli media xatırladır ki, Binəqədi rayon sakinlərinin su problem ilə bağlı ilk etiraz aksiyası mayın 17-də baş tutmuşdu. Sonra "Azərsu" öz nümayəndələrini əhali ilə görüşə göndərdi. Lakin onlar da verdikləri vədə xilaf çıxdılar.
 
Bu problem təkcə Binəqədi sakinlərini narahat etmir. İnsanlar sosial şəbəkələrdə yazırlar ki, Suraxanı və Sabunçu rayonları, Pirşağı, Yeni Günəşli, Əhmədli, Qaraçuxur qəsəbələri və bir sıra digər ərazilər də isti yay günlərində “Azərsu”nun “xüsusi rejimdə” işinin bəhrəsini öz üzərilərində hiss edirlər.
Acınacaqlı vəziyyəti izah edən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemin iki əsas səbəbin olduğunu dedi: “Birincisi, Bakıda və Abşeronda bərqərar olan isti hava, ikincisi, suya olan tələbatın kəskin, təxminən 40% artması. Buna görə də bəzi ərazilərdə su aşağı təzyiqlə, amma cədvəl üzrə verilir. Problemlərin həlli üzərində işləyirik. Xüsusilə, Xırdalan, Sabunçu və Xətai rayonlarının ərazisindəki, Yeni Günəşlidə problemlərin əksəriyyəti həll edilib. Hazırda Suraxanı və Sabunçu rayonlarında vətəndaşlar tərəfindən şəxsi su xətlərinin çəkildiyi ərazilərdə işlər davam etdirilir. Mütəxəssislərimiz su təchizatının optimallaşdırılması və səmərəliliyinin artırılması, həmçinin suyun tədarükünün həcminin artırılması üçün çalışırlar”. 
Bu açıqlamaları problemin həllinin sübutu kimi qəbul etmək olmaz.  Qeyd edək ki, hələ ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdi ki, rəhbərlik etdiyi qurum Abşeron yarımadası əhalisinin 81 faizini kəsintisiz, sutkalıq su ilə təmin edir. Fəxrlə "Son illər ərzində Abşeron yarımadasının əhalisi üçün fasiləsiz su təchizatı nisbəti 30%-dən 81%-ə yüksəldi", - deyən və heç kimdən qorxusu olmayan Qorxmaz müəllimin 81%-nə Suraxanı və Sabunçu rayonları, Pirşağı qəsəbəsi, Yeni Günəşli, Əhmədli, Qaraçuxur, Binəqədi və bir sıra digər ərazilər daxil deyil.
İkincisi, Anar Cəbrayıllı hər halda bilməmiş deyil ki, yay fəsli dünyanın əksər ölkələrində isti keçir. Azərbaycanda nadir hallarda mövsümün hər üç ayında havanın temperaturu 30 dərəcədən aşağı düşür. Beləliklə, hər şeyi "birdən-birə baş verən qızmar istilərlə” əlaqələndirmək - respublika vətəndaşlarına hörmətsizlik və ya onlarla əylənməyin nümayişi kimi də qəbul edilə bilər. O, ayrı bir məsələdir ki, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbərinin işi, respublika vətəndaşlarına hörmətlə yanaşmaq yox, açıq-aşkar cəfəngiyat yazılsa belə, ona verilən mətni qüsursuz oxumaqdan ibarətdir. 
Üçüncüsü, Azərbaycan vətəndaşlarının suya ehtiyacının artacağını iki günlük evdən çıxmamaq qərarı verdikdən sonra yox, daha əvvəl, gündə bir neçə saat evdən çıxmalarına icazə verilən zaman da anlamaq olardı.
 
Və bütün bunları nəzərə almalı olan "Azərsu", hələ o zaman abunəçilərinin mənzillərinə fasiləsiz su verilməsini təmin etməli idi. Həm də “Azərsu” insanları susuz buraxmadan bütün sahələrdə diaqnostik işlər aparmağa, problemləri həll etməyi borcludur. Çünki “Azərsu” inhisarçıdır. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanunun 11-ci maddəsində deyilir: “Bazarda xidmət göstərən tərəf inhisarçıdırsa, istehlakçıya fasiləsiz xidmət keyfiyyətini təmin etməlidir”.
 
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərindən biri ölkədə azad rəqabətin qorunması, inkişafı və təbliği sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək, o cümlədən inhisarçı fəaliyyətin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və həyata keçirilməsini təmin etməkdir. Yaxşı olardı ki, Nazirlik bu istiqamətdə araşdırma aparsın. Məsələn, "Azərsu"nun timsalında bazarda hansı ədalətli rəqabətdən danışmaq olar?!
 
Son illərdə “Azərsu” ölkə əhalisini fasiləsiz su ilə təmin etmək üçün, müxtəlif layihələr üzrə yüzmilyonlarla manat pul alıb. O vəsaitin nə dərəcədə səmərəli xərcləndiyini indi müşahidə etdiyimiz mənzərə ilə qiymətləndirmək olar. Maraqlıdır ki, “uğurlu bir təsadüf” nəticəsində nə Hesablama Palatasını, nə də Baş Prokurorluğu bu sualın cavabı maraqlandırır. İndi korrupsiyaya qarşı yeni kampaniyanın başladığı vaxt Qorxmaz Hüseynovun rəhbərlik etdiyi qurumu da yoxlamaq bəzi mətləblərə aydınlıq gətirərdi. Ayrıca vurğulamaq yerinə düşər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin qara maskalıları da gözlənilmədən hərəkətə keçməyi yaxşı bacarırlar…
Müəllif: Əkbər Həsənov 
Tarix: 17-06-2020, 21:52
Xəbəri paylaş



Xəbər lenti