Dolların dəyərdən düşməsi ABŞ-a sərf edir. Bu gün Prezident Trampın apardığı xarici siyasət dolların ucuzlaşmasına xidmət edir. Bunun səbəbi odur ki, dolların dəyərdən düşməsi ixracat potensialını artırır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirusa görə Amerika iqtisadiyyatının zəifləməsi və postneft dövrü ilə əlaqədar dolların çökəcəyi xəbərlərini şərh edərən deyib. O qeyd edib ki, dolların çökməsi və ya dünya maliyyə bazarlarında dəyərdən düşmə məsələsi vaxtaşırı müzakirə olunan mövzudur:
“Koronavirus pandemiyası, şübhəsiz, dünya, o cümlədən ABŞ iqtisadiyyatına ciddi zərər verib. Neft-qaz bazarında sabitliyin olmaması da problemi dərinləşdirib. Eyni zamanda dünya ölkələrinin iqtisadiyyatında ciddi daralmalar müşahidə olunur. Məsələn, Çində hazırda ilin əvvəli ilə müqayisədə 16 faiz iqtisadi daralma var. Çin iqtisadiyyatında bu günə qədər belə bir hadisə görülməyib”.
Ekspert bildirib ki, buna baxmayaraq, mövcud vəziyyətdə və orta perspektivdə dolların sıradan çıxması real yanaşma deyil:
“Bu gün ABŞ-ın bir çox regionda apardığı hərbi əməliyyatlar, o cümlədən İran, Rusiya, Çin kimi ölkələrə tətbiq etdiyi iqtisadi sanksiyalar həm daxili, həm də dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Lakin bununla belə, dolların dəyərdən düşəcəyini demək doğru olmaz. Çünki bu gün dünyada ticarət dövriyyəsinin 72 faizi ABŞ dolları ilə aparılır. Bundan əlavə, dünya valyuta ehtiyatlarının 70 faizi ABŞ dollarında saxlanılır. ABŞ-ın dünya bazarlarındakı borc kağızları yenə məhz dollarla təklif edilir. Onu da qeyd edim ki, bu borc kağızlarından ən cox istifadə edən elə məhz Çindir. Çünki bu kağızlardan divident almaq mümkündür”.
Ekspert qeyd edib ki, hazırda dolların mövqeyi kifayət qədər güclüdür:
“Dünya komfiqurasiyasında ciddi dəyişiklikər olmadığı təqdirdə dollarla bağlı elə də ciddi bir dəyişiklik gözlənilmir”.
Qeyd edək ki, amerikalı iqtisadçı Stiven Rouç tezliklə dolların çökəcəyini, eləcə də ABŞ-ın dünya iqtisadiyyatındakı rolunun azalacağını bildirib.