Vladimir Skosırev
“Nezavisimaya qazeta”, 02.06.2020
Çin hökuməti ABŞ-ın SWIFT və maliyyə qurumlarına etibarlı mühitdə əməliyyat məlumatı göndərməyə və almağa imkan verən digər sistemlərə mane ola biləcəyi ilə bağlı riskləri müzakirə edir. Belə bir ssenari az ehtimal olunan, amma istisna deyil, çünki Vaşinqton Honq-Konqun muxtariyyətini pozduğu, koronavirus və digər məlumatları gizlətdiyinə görə Pekini cəzalandıracağı ilə hədələyir. Çini qlobal fond bazarlarından kənarlaşdırmaq cəhdi Amerika üçün böyük itkilərlə nəticələnəcək. Buna baxmayaraq, Pekində mümkün cavabı müzakirə edirlər.
Çin parlamenti Honq-Konq üçün Milli Təhlükəsizlik Aktını qəbul etdikdən sonra ABŞ prezidenti Donald Tramp anklavı ticarət imtiyazlarından məhrum və Pekinə sanksiya tətbiq edəcəyini açıqlayıb. Lakin konkret hansı tədbirlərin görüləcəyi hələlik bəlli deyil.
Vaşinqton, ehtimal ki, Çin rəhbərliyini qeyri-müəyyənlikdə saxlayacaq.
“South China Morning Post” qəzetinin yazdığına görə, Pekində narahatlıq üçün yeni və ciddi səbəb var: Tramp administrasiyası Çinə zərər vermək üçün dolların gücündən sui-istifadə etmək qərarına gələ bilər. Çinlə Rusiya və İran kimi davranma ehtimalı çox az olsa da, ÇXR-in dollar sistemindən ayrılması ilə maliyyə müharibəsi ssenarisi artıq ağlasığmaz görünmür.
Çin korporasiyaları və maliyyə qurumları, böyük köçürmələr üçün hazırlanmış SWIFT və Chips sisteminin – ABŞ klirinq palatasının infrastrukturundan istifadə edir. Hökümətdəki qapalı müzakirələrdə iştirak edən Pekindəki rəsmilər və analitiklər deyirlər ki, Çini onlardan məhrum etmək dünyanın maliyyə sistemi üçün sunami kimi bir şeydir. Buna baxmayaraq, Çinin belə bir zərbəyə necə təpki verəcəyi müzakirə olunur. Bu cür hərəkət, müzakirə iştirakçılarının sözlərinə görə, “soyuq müharibədən daha çox isti bir döyüş olardı”.
Belə bir qarşıdurmada paylar son dərəcə yüksəkdir. Dünyanın əksər ölkələri kimi, Çin də beynəlxalq ticarət, maliyyə və investisiya əməliyyatlarında ödəmələr üçün dollara güvənir. Üstəlik, Honq-Konqun maliyyə təşkilatları çox vaxt Çinə qapı rolunu oynayır.
Pekin dollara ikili münasibət göstərir. Bir tərəfdən, o, böyük valyuta ehtiyatı olan sandıq üstündə oturur. Onların yarısı dollarla ifadə olunur. Pekin dolları strateji aktiv olaraq görür. Buna görə də, hökumət xaricə dollar köçürən şirkətləri yaxından izləyir. Vətəndaşlara ildə 50 min dollardan çox olmayaraq yuanı dollara dəyişdirmə icazəsi verilir.
Digər tərəfdən, Pekin son 10 ildə dolların gücünü sarsıtmaq üçün çox səy göstərib. Çin Mərkəzi Bankının keçmiş sədri 2009-cu ildə dolların suveren superkursla əvəzlənməsini təklif edib. Bu fikir gerçəkləşməyib, lakin Çin yuanının digər ölkələrlə ticarət əməliyyatlarında istifadəsini təşviq edir, onlarla ikitərəfli yuan mübadiləsi sazişləri imzalayıb. Şanxayda neft fyuçersləri ticarət bazarı açılıb. Lakin bu səylər yalnız məhdud nəticə gətirib.
Son SWIFT məlumatları göstərir ki, yuan hesabları beynəlxalq ödəniş əməliyyatlarının yalnız 1.66%-ini, dollarlar isə 43%-ini təşkil edir. Bundan əlavə, yuanın beynəlxalq ödənişlərdə istifadəsinin 70%-i materikdən ayrı valyuta və maliyyə sistemi olan Honq-Konqda baş verir. Honq-Konq dolları ABŞ dollarına bağlı olduğundan Çinin qlobal kapitala çıxışı üçün vasitə rolunu oynayır. Buna görə də, Pekində ABŞ-ın bu əlaqələri zəiflədəcəyi və ya hətta pozacağı ilə bağlı narahatlıq artır.
“ABŞ İran və Venesuelanı qorxuda bilər, çünki onların siyasi və maliyyə gücü yoxdur. Lakin Çin və onun valyuta ehtiyatlarının həcmi o qədər güclüdür ki, ABŞ belə ifrat tədbir görməyə cəsarət etmir. Bundan əlavə, Vaşinqtonun Pekinə artan hökumət borcunu almağa davam etməsi lazımdır”. Bunu Honq-Konq Universitetinin professoru Lüy Tinmin deyib. Professor Amerika təzyiqlərinə cavab olaraq Çinin yuanı beynəlxalq valyutaya çevrilməsini sürətləndirəcəyini düşünür.
“NQ”-yə verdiyi müsahibədə Rusiya Elmlər Akademiyasın Primakov adına DİBMMTİ-nin direktor müavini Aleksander Lomanov qeyd edib: “Noyabrda ABŞ-da keçiriləcək seçkilər ABŞ-Çin münasibətlərində yolayrıcıdır. İndiyə qədər Tramp çox danışacaq, amma az iş görəcək. O, Çini qıcıqlandıracaq və ABŞ-dakı tərəfdarlarını sevindirəcək açıqlamalar verəcək. Ancaq bütün regional və ya qlobal iqtisadiyyatı çökdürə biləcək bir şey etməz. Bu, Amerikanın ayağına atəş açması olardı. Çünki təkcə Çin əziyyət çəkməyəcək, həm də Amerikanın pulqabıları boşalacaq”.
Çinin təpkisinə gəldikdə, ekspertin fikrincə, 2018-ci ildən, yəni ticarət müharibəsinin başlanmasından bəri onda Amerikanın bütün hücumlarından qorunmalı olduğu anlayışı var. “Artıq 2 ildir ki, çinlilər bütün istiqamətlərdə öz zəifliklərini müəyyənləşdirir. Xarici çiplərdən və xarici təyyarə mühərriklərindən, kimyəvi maddələrdən, o cümlədən maliyyə zəifliyindən asılılıq var. Bir sözlə, hadisələrin hər hansı bir inkişafında Çin sürprizlə qarşılanmayacaq”, – deyə Lomanov fikrini yekunlaşdırıb.
Tərcümə: Strateq.az