
Gəncə Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elmar Əşrəfovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il 3 ay 21 gün müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Elmar Əşrəfov 2017-ci ildən 2018-ci ilədək Gəncədə fəaliyyət göstərən MMC-lərin birində satış nümayəndəsi vəzifəsində çalışıb. İşə qəbul edilərkən onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb, həmçinin vəzifə təlimatı ilə tanış edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxsə məhsulların satışını təşkil etmək, ticarət obyektlərindən yığılan pul vəsaitlərini qəbul etmək, həmin vəsaitlərin təhlükəsizliyinə nəzarət etmək və satışdan əldə olunan gəlirləri vaxtında şirkətin xəzinəsinə təhvil vermək səlahiyyətləri verilib. O, bu vəzifələri yerinə yetirərkən tam maddi məsuliyyət daşıyan şəxs hesab olunub.
Araşdırmalarla müəyyən edilib ki, Elmar Əşrəfova şirkət rəhbərliyinin əmri ilə POS-terminal təhkim olunub və həmin terminal vasitəsilə Gəncə şəhəri, eləcə də Tovuz və Şəmkir rayonlarında fəaliyyət göstərən müxtəlif marketlərə məhsul sifarişləri rəsmiləşdirilib.
Belə ki, 2018-ci ilin mart ayı ərzində təqsirləndirilən şəxs müxtəlif ticarət obyektlərinə ümumilikdə 155 914,21 manat dəyərində qida məhsullarının satışını həyata keçirib. Satılan malların dəyəri üzrə vəsaitlərin bir hissəsi nağd qaydada, digər hissəsi isə bank köçürmələri vasitəsilə şirkətə ödənilib.
Bundan başqa, bəzi mallar geri qaytarılıb, müəyyən məbləğlər isə şirkət tərəfindən tətbiq olunan endirim və hədiyyələr hesabına silinib.
İstintaqın qənaətinə görə, bütün maliyyə əməliyyatları nəzərə alındıqdan sonra Elmar Əşrəfovun Şəmkir, Gəncə və Tovuz ərazisində fəaliyyət göstərən müxtəlif marketlərdən topladığı və şirkətə təhvil verməli olduğu 88 778,81 manat məbləğində pul vəsaitini mənimsədiyi müəyyən olunub.
Cinayət işi materiallarında qeyd olunub ki, həmin vəsaitlər "Zümrüd", "Morul", "EL Market", "Şəmkir Səbəti", "İzzət Market", "Azpetrol" və digər ticarət obyektlərindən toplanıb. Təqsirləndirilən şəxs ona etibar olunmuş pul vəsaitlərini şirkətin xəzinəsinə təhvil vermək əvəzinə özünün istifadəsinə yönəldib və bununla da hüquqi şəxsə külli miqdarda ziyan vurub.
Məhkəmə istintaqı zamanı dindirilən Elmar Əşrəfov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
O, ifadəsində mənimsəmə faktını inkar etmədiyini, lakin ittihamda göstərilən məbləğlə razılaşmadığını söyləyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, audit yoxlamasından sonra tərtib edilən hesabatlarda bir sıra uyğunsuzluqlar olub. O qeyd edib ki, əvvəlcə ona 138 000 manat, sonradan isə 118 000 manat borc yazılıb və bu hesablamaların düzgün aparılmadığını dəfələrlə şirkət rəhbərliyinə bildirib.
Elmar Əşrəfovun sözlərinə görə, bəzi marketlər tərəfindən bank vasitəsilə edilən ödənişlər yekun hesablamalarda nəzərə alınmayıb. Eyni zamanda malların geri qaytarılması ilə bağlı məbləğlərin də tam əks etdirilmədiyini iddia edib. Faktiki olaraq mənimsədiyi vəsait 37-38 000 manat civarında olub və ittihamda göstərilən 88 000 manatdan artıq məbləği qəbul etmir.
Elmar Əşrəfov ifadəsində həmçinin şirkət nümayəndələri tərəfindən dəfələrlə borcun ödənilməsi üçün təzyiqlərə məruz qaldığını da bildirib. Bu səbəbdən ölkəni qeyri-qanuni yolla tərk edərək Gürcüstana gedib. Daha sonra həmin Gürcüstanda saxlanılıb və bir neçə il sonra Azərbaycana ekstradisiya olunub.
Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs tərəfindən qaldırılmış mülki iddianı da qəbul etmədiyini deyib.
Məhkəmədə dindirilən MMC-nin nümayəndəsi isə bildirib ki, Elmar Əşrəfov satış nümayəndəsi kimi işləyərkən ona etibar olunmuş pul vəsaitlərinin uçotunda çatışmazlıqlar aşkar edilib. Şirkət daxilində keçirilmiş audit yoxlaması nəticəsində onun 88 000 manatdan artıq vəsaiti mənimsədiyi müəyyən olunub.
Onun sözlərinə görə, satış nümayəndəsinin əsas vəzifəsi müştərilərdən toplanan vəsaitləri vaxtında şirkətin xəzinəsinə təhvil vermək olub. Yoxlamalar zamanı aşkar edilən çatışmazlıq səbəbindən şirkətə ciddi maddi ziyan dəyib.
Məhkəmədə ifadə verən auditor da yoxlama prosesində iştirak etdiyini təsdiqləyib. O söyləyib ki, ticarət obyektlərində aparılan yoxlamalar zamanı çatışmayan məbləğlər müəyyən edilib və təqsirləndirilən şəxs həmin vəsaitləri götürdüyünü etiraf edib.
İş üzrə şahidin sözlərinə görə, ilkin hesablamalarda çatışmayan məbləğ 90 000 manatdan artıq olub. Sonradan geri qaytarılmış mallar və digər düzəlişlər nəzərə alındıqdan sonra yekun çatışmazlıq məbləğinin 88 000 manat civarında olduğu müəyyənləşdirilib.
“Yoxlama zamanı Elmar bütün mağazalarda olan çatışmayan məbləği götürdüyünü etiraf edib və “Topaz” çeki göstərərək həmin pulları uduzduğunu bildirib”, - şahid ifadəsində əlavə edib.
Məhkəmə araşdırmaları zamanı maliyyə sənədləri, audit rəyləri, şahid ifadələri və digər sübutlar tədqiq edilərək hadisənin bütün halları araşdırılıb.