Şərurda irca başçısının gözü qarşısında avtomobilini yandıran etirazçı Faiq Abbasov zorla Psixi Xəstəliklər Dispanserinə yerləşdirilib.
Qohumlarının “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, onu bu cür cəzalandırmaqla bağlı göstəriş elə başçıdan gəlib.
Rüşvətə etiraz edən Faiq Abbasov iki gün öncə icra hakimiyyətinin binası qarşısında şəxsi avtomobilini yandırıb, daha sonra özünü də yandırmağa cəhd edib. Lakin polisin müdaxiləsi nəticəsində bunun qarşısı alınıb.
Qohumları bildirirlər ki, hadisədən sonra Faiqə sərxoş damğası vurmağa çalışsalar da, məsələ ictimailəşdikdən sonra polislər mövqelərini dəyişiblər:
“Əvvəl rayon xəstəxanasında saxta protokol tərtib etdilər ki, guya içkili vəziyyətdə xuliqanlıq edib. Hətta bununla bağlı məlumat da yayıldı. Məsələ ictimailəşəndən sonra gördülər ki, bu versiya keçərli deyil, çünki bu adam içki içən deyil. Daha sonra ona ‘dəli’ damğası vuraraq şəhərdəki psixiatriya müəssisəsinə apardılar.
İynə vurub onu həqiqətən dəli vəziyyətinə salmaq istəyirlər. Bu cür halları Naxçıvanda çox görmüşük. Səsini çıxaranları psixiatriya müəssisələrinə yerləşdirib müxtəlif təzyiqlərə məruz qoyurlar. Biz bütün aidiyyəti qurumlardan tələb edirik ki, məsələ obyektiv araşdırılsın və günahkarlar cəzalandırılsın.

Kamal Cəfərov özünü sığortalamaq üçün belə addım atıb. O bilir ki, bu hadisənin nəticəsi onun üçün yaxşı olmayacaq. Rayonda isə hər kəs hadisənin necə baş verdiyini bilir.”
Yaxınları bildirirlər ki, bu hadisə başçının ondan ikinci dəfə rüşvət tələb etməsi ilə bağlıdır:
“Faiqin rayonda çayxanası var idi, Vasif Talıbovun dövründə sökülmüşdü. Daha sonra həmin dövrdə sökülən obyektlərə kompensasiya verilməsi ilə bağlı qərar qəbul edildi. Lakin kompensasiya icra hakimiyyəti ilə razılaşdırılmalı idi.
Kamal Cəfərov kompensasiya əvəzində eyni yerdə çayxana tikilməsinə icazə vermək üçün ondan yüksək məbləğdə rüşvət tələb etmişdi, o isə razılaşmamışdı.
Oğlunun işi ilə bağlı ikinci dəfə rüşvət tələb ediləndə isə dözməyib etiraz edib və niyə oğluna mane olunduğunu soruşub. Başçı isə onu ağır söyüşlərlə təhqir edib. Bundan sonra hadisələr baş verib.”
Aprelin 25-də Şərur rayonunda sakin Faiq Abbasov rüşvət tələbinə və təhqirə etiraz olaraq icra hakimiyyətinin binası qarşısında avtomobilini yandırıb. O, daha sonra özünü yandırmağa cəhd etsə də, polis müdaxilə edərək buna imkan verməyib. Yaxınlarının sözlərinə görə, hadisə icra başçısının ondan rüşvət tələb etməsi və oğlunun işinə mane olması fonunda baş verib.
Tarix: Bu gün, 12:41