Musiqiçiyə “Əməkdar artist” adı almaq adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR



Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Musa Həsənovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Musa Həsənov tanışı, zərərçəkmiş Q.Q.-yə (adı, soyadı şərtidir) “Əməkdar artist” fəxri adının verilməsini təşkil edəcəyini yalandan vəd verib.
 

Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.


Belə ki, zərərçəkmiş ortaq tanışları vasitəsilə Musa adlı şəxslə tanış olub. Həmin şəxs ona fəxri ad almaqda yardımçı olacağını bildirib. Bunun müqabilində isə zərərçəkmişdən 2150 manat pul alıb. Bildirib ki, həyat yoldaşının qohumları yüksək vəzifədə işləyir. Verilən pula da onlara hədiyyə alacaq. Lakin bir müddət sonra o, zənglərə cavab verməyib.


Musiqiçi aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin şəxs saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
 

Abşeron Rayon Məhkəməsində məlum olub ki, o, dəymiş ziyanı ödəyib.


Məhkəmənin hökmü ilə Musa Həsənova 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 4 günə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


Tarix: 12-08-2025, 10:09
Xəbəri paylaş



Xəbər lenti