İcra başçısı şəhid valideynlərinin obyektini uçurtdurdu - Suraxanıda şok olay /FOTO


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İkinci Qarabağ müharibəsi şəhidi Əhməd Kərimovun atası Vaqif Kərimovu və anası Həsrət Rüstəmlinin obyektlərini uçurub. 

Bu barədə Gununsesi.info-ya Yeni Günəşli sakinlərindən biri məlumat verib.

Məlumata görə, şəhid ailəsi yaşadıqları Yeni Günəşli V yaşayış sahəsi 21 saylı binanın yaxınlığında dolanışıqlarını təmin etmək üçün köşk qoyublar. Lakin icra başçısı Əziz Əzizov buna imkan verməyib.


O, əraziyə Suraxanı Rayon Polis Şöbəsinin əməkdaşlarını, polisləri  cəlb edərək şəhid valideynlərini 33-cü polis bölməsinə apartdırıb və onlar bir neçə saat orada saxlanılıb.

Onların köşkü isə yerlə yeksan edilib. Sakinlərin bildirdiyinə görə, icra başçısı həmin ərazini 150 min manata kiməsə satmaq istəyir.

Qeyd edək ki, şəhid Əhməd Kərimov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Maraqlıdır, Əziz Əzizov nədən başqalarına çox rahatlıqla tikintiyə icazə verə bilir, şəhid ailəsinə yox?

Onu da xatırladaq ki, bu ayın əvvəlində Yeni Suraxanı qəsəbə bələdiyyəsinin sədri Fikrət Quliyev həbs edilib. O, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Elmar

Tarix: 4-03-2024, 23:03
Xəbəri paylaş



Xəbər lenti