Human Rights Watch Yaqubluya qarşı zorakılığı pisləyir

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı müxalifət lideri Tofiq Yaqublunun dekabrın 1-də keçirilmiş aksiyadan sonra polisdə zorakılığa məruz qalmasına dair xəbərlərlə bağlı bəyanat yayıb.
HRW-nin bəyanatında deyilir ki, Yaqublu polisdə döyüldüyünü, bu prosesin videoya çəkildiyini, ondan Azərbaycan rəhbərliyini tənqid etməsini dayandıracağını kameraya deməsinin tələb olunduğunu bildirib.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Giorgi Qogiya bununla əlaqədar dekabrın 3-də deyib:
“Azərbaycan hakimiyyəti xalqın dinc etirazlar keçirmək hüququna qarşı açıq qəsdini və fərqli düşüncənin əzişdirilməsi üçün zordan istifadə etdiyini bir daha nümayiş etdirib. Hakimiyyət hüquq-mühafizə orqanının belə rəftarını çevik, tərəfsiz və təfərrüatlı araşdırmalı, pozuntulara görə cavabdehlik daşıyanları məsuliyyətə cəlb etməlidir”.
Bəyanatda daha sonra deyilir ki, Bakının mərkəzi hissələrində etirazlara qəti qadağan qoyulması Azərbaycanın ifadə azadlığı və sərbəst toplaşma hüquqlarına ehtiram edəcəyinə dair beynəlxalq öhdəliklərinin pozulması deməkdir.
Bu da xatırladılır ki, Azərbaycan bir sıra insan haqları müqavilələrinə, o cümlədən Avropa İnsan Haqları Konvensiyasına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta imza atıb və bununla da sərbəst toplaşma azadlığına hörmət edəcəyinə, polisdə işgəncə və pis rəftarı qadağan edəcəyinə dair öhdəlik götürüb.
Bu da qeyd olunur ki, Azərbaycan hökuməti pozuntulara görə cavabdehlik daşıyanları araşdırmaq və qanunla mühakimə etmək, qurbanlara adekvat təzminat vermək öhdəliyinə malikdir.
Cənab Qogia deyib:
“Yaqublu ilə belə dəhşətli rəftar həm fərdi hüquqlara, həm də sərbəst toplaşma haqqına hücumdur”.

Tofiq Yaqublu prokurorluqda izahat verib

Dekabrın 3-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunda izahat verib.
Bu barədə AzadlıqRadiosuna T.Yaqublu özü məlumat verib.
T.Yaqublunun sözlərinə görə, izahat dekabrın 1-də Bakıda “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiya zamanı saxlanması, sonra polis bölməsində və şəhərdən kənara aparılarkən yolboyu ona fiziki təzyiq göstərilməsi ilə bağlı idi: “Prokurorluqda məni prokurorun köməkçisi Hilal Abbasov qəbul etdi. İzahat verdim, rəsmi qaydada şikayət ərizəsini təqdim etdim. Deyilənə görə, məsələ ilə bağlı araşdırma başlanıb”.
Məsələ ilə bağlı Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl Daxili İşlər Nazirliyindən T.Yaqublunun bölmədə döyüldüyü ilə bağlı dediklərini təkzib etmişdilər.

ABŞ səfirliyi: ‘Toplaşma və ifadə azadlığını dəstəkləyirik’

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi dekabrın 1-də Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
“Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk və Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəkləyirik”, – səfirlik vurğulayıb.

Saleh Rüstəmov üzr istəyir

Dekabrın 2-də vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla görüşüb. Vəkilin sözlərinə görə, S.Rüstəmovun səhhəti daha da pisləşib: “Huşsuzdur. Özünü pis hiss edir, amma buna baxmayaraq, aclığı dayandırmaqdan imtina edir”.
Vəkili deyir ki, S.Rüstəmov dekabrın 1-də onun azadlığı tələbi ilə keçirilən aksiyada xəsarət almış və həbs olunan şəxslərdən üzr istəyib.
S.Rüstəmov 27 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb.

Beş nəfər həbs edilib

Dünən, dekabrın 1-də “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiya ilə bağlı saxlanılanlardan bəziləri inzibati qaydada həbs olunub.
Bu gün, dekabrın 2-də Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP üzvləri Elçin Teymurov 25 sutka, İlham Hüseyn 30 sutka, Səyyad Quliyev 15 sutka, Elxan Əliyev isə 20 sutka inzibati qaydada həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinib.
Dekabrın 1-də aksiyadan sonra şəhərin mərkəzində gəzintiyə çıxarkən saxlandığı deyilən fəal Rüstəm İsmayılbəyliyə isə həmin maddə ilə 30 sutka həbs verildiyi açıqlanıb.
Azadlıq radiosu
Tarix: 4-12-2021, 23:15
Xəbəri paylaş



Xəbər lenti