Video əlavə olunub.
***
Bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edən 1987-ci il təvəllüdlü Pirişov Elçin Rafiq oğlunun təqsirləndirildiyi cinayət işinin təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, bu ilin aprel ayında saxlanıldığı istintaq təcridxanasında səhhəti ağırlaşan və müalicə müəssisəsində ölən Elçin Pirişovun imkanlı şəxslərin həyat yoldaşlarını yoldan çıxararaq onlardan külli miqdarda pul alması, daha sonra şantaj etməsi, hətta saxlanıldığı istintaq təcridxanasına çağıraraq oradakı uzunmüddətli görüş otağında cinsi əlaqədə olması məlum olub.
Əvvəlcədən qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ay başa çatan məhkəmə prosesi nəticəsində E.Pirişovun vəfat etməsi səbəbindən ona cəza təyin edilməyib. Onun barəsindəki iş isə Cinayət Məcəlləsinin 125, 182.2.1, 182.2.2, 28,182.3.1, 28,182.3.2, 182.3.1, 182.3.2, 221.1, 299.4, 310, 320.1 və 320.2-ci maddələri üzrə aparılıb.
Məktəbin qarşısından başlayan münasibət
Araşdırmalar zamanı məlum olub ki, Elçin Pirişov 2012-ci ildən etibarən imkanlı şəxslərin həyat yoldaşı olan müxtəlif qadınlarla münasibət qurmağa başlayıb. O, ilk olaraq 2011-ci ildə "odnoklassnik" sosial şəbəkəsində tanış olduğu Kəmalə adlı qadını çılpaq görüntüləri və intim yazışmaları ilə şantaj edərək 2012-2017-ci illər ərzində ondan ümumilikdə 31 min manat pulu şantaj yolu ilə alıb. 2018-ci ildə bu əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Lakin həbsxanada olduğu müddətdə Elçinin başqa qadınları da şantaj etməsi, hətta onlardan birini vaxtaşırı olaraq şantaj yolu ilə cəzaçəkmə müəssisəsinə gətirərək orada cinsi əlaqədə olması üzə çıxıb.
İstintaqa verilən ifadələrdən və E.Pirişovun öz ifadələrindən məlum olur ki, O, Nərimanov rayonu ərazisində kirayə ev tutduqdan sonra yaxınlıqda yerləşən Bakı Modern Məktəbində təhsil alan məktəblilərdən birinin anası ilə tanış olub. Elçin 2013-cü ildən etibarən məktəbin yaxınlığında yerləşən və "Azinko" binası kimi tanınan yaşayış kompleksində yaşayan şirkət rəhbəri Ü.H.-nin həyat yoldaşı A.H. ilə münasibət qurmağa başlayıb. Qadından vaxtaşırı borc pul alaraq onun etibarını qazanan Elçin A.H. ilə gizli sevgi münasibətləri qurub. Onlar Bakıda müxtəlif ünvanlarda görüşərək cinsi əlaqədə olublar. A.H. həyat yoldaşı və övladları ilə Türkiyənin müxtəlif şəhərlərində istirahətdə və övladının müalicəsi məqsədilə gedəndə də Elçinlə hotellərdə dəfələrlə gizli görüşərək cinsi əlaqədə olub. Bu müddətdə Bakıda axtarışda olduğunu bilən E.Pirişov ölkəni tərk edərək Türkiyədə məskunlaşıb və buradakı tanışları vasitəsilə sevgi münasibətində olduğu qadınları görüntüləri, yazışmaları, övladları və onların məktəbdə biabır edilməsi ilə şantaj etməklə onlardan külli miqdarda pul almağa başlayıb.
Müəmmalı zəng, qorxu və evdən götürülən 50 min dollar
İstintaqa ifadə verən A.H. bildirib ki, 2016-cı ilin may ayının ortalarında əri Ü.H. ABŞ-da səfərdə olduğu vaxt axşam saatlarında tanımadığı xarici telefon nömrəsindən vatsap proqramı vasitəsilə tanımadığı kişi səsli bir nəfər rus dilində, lakin Bakı və rus aksenti olmayan, cinayət aləmində istifadə edilən sözlərdən istifadə edərək Şimali Qafqaz aksentinə oxşar özündənrazı və saymazyana formada ona telefonda deyib ki, “Eşidirsən, telefonu yerə qoyma, məni diqqətli eşit, mən sənin evinin yanındayam, mən bilirəm ki, evdə təksən, mənə 100 yaşılla pulu təcili gətir ver, yoxsa mən məcbur qalıb, özüm gecə evinə daxil olub həmin pulları götürəcəm, papaşava bir söz desən uşaqlarıvı itirəcəksən, əgər mənim dediyimi etsən və pulları ayaqqabı qutusunun içərisinə qoyub dediyim yerə gətirsən mənim səsimi bir daha eşitməyəcəksən, səni narahat etməyəcəm. Pulu evindən çıxıb, yeraltı keçiddən keçib, "Aviss" aptekə çatmadan olan ağacların arasında 3 ədəd mişardaşı üst-üstə qoyulub, sən pul olan qutunu həmin daşların arxasına qoyarsan". A.H. sözlərinə əlavə edib ki, həmin şəxs daha sonra "Eşidirsənmi, qızların hər gün parkda gəzir, bunu nəzərə al" sözlərini deyib.
O da qorxudan həmin şəxsə müsbət cavab verib, mənzillərində olan seyfin içərisindəki 50 000 ABŞ dolları məbləğində olan pul vəsaitini ayaqqabı qutusunun içərisinə qoyub, saat 21-22 radələrində evdə dayə işləyən filippinli Almaya uşaqlara baxmasını tapşırıb, tək evdən çıxıb deyilən yerə gedərək pulları həmin şəxsin dediyi yerə qoyub. Bundan sonra İstanbulda olduğu müddətdə E.Pirişov A.H.-dən 250 min dollar tələb edib, verməyəcəyi təqdirdə onun intim görüntülərini, yazışmalarını ərinə, qohumlarına, övladının sinif yoldaşlarının valideynlərinə və digər şəxslərə göndərəcəyi ilə hədələyib. O, daha sonra A.H.-nin direktoru olduğu atelyenin nömrəsinə zəng edərək onun cinayətkar dəstənin üzvlərindən biri ilə əlaqəsinin olması və bu səbəbdən Dövlət Təhlükəsizliyi Xidmətinə gəlməsini bildirib. A.H.-nin həyat yoldaşı DTX-yə rəsmi müraciət etdikdən sonra onun həyat yoldaşının idarəyə çağırılmadığı, hər hansı şəxslə əlaqəsinin müəyyən edilmədiyi dəqiqləşib. E.Pirişov qarşı tərəfin addımlarından sonra əlaqəni kəsib.
Elmlər doktorunun tora salınması
Araşdırmalar zamanı məlum olub ki, 2018-ci ilin yanvar ayından etibarən E.Pirişov İstanbulda olduğu zaman özünü Murad Əliyev adı ilə təqdim edərək A.H.-nin övladı ilə eyni sinifdə oxuyan R.K.-nın anası, valideyn komitəsinin sədri olan elmlər doktoru N.K. ilə danışmağa, onunla isti münasibətlər qurmağa başlayıb. E.Pirişov 2018-ci ilin martında tutularaq Azərbaycana gətirildikdən sonra o, həyat yoldaşı nazirliklərdən birində yüksək vəzifədə çalışan və institutlardan birində vəzifədə çalışan N.K. ilə münasibətini davam etdirib.
Qadının etibarını qazandıqdan sonra onun azyaşlı oğlu R.-in başına oyun açacağı və digər hədələrlə E.Pirişov qadından 2 il müddətində ümumilikdə 76 800 manat pul alıb. Bakı İstintaq Təcridxanasında və müalicə müəssisəsində N.K. ilə mütəmadi əlaqə saxlayan E.Pirişov onunla cəmi 2 dəfə həbsdə olduğu vaxt görüşüb. Qısamüddətli görüşdən sonra onlar uzunmüddətli görüşüblər, bu zaman cinsi əlaqədə olublar.
2018-ci il sentyabrın 6-da onlar arasındakı telefon danışığı zamanı E.Pirişovun şantaj və hədələrindən bezən N.K. bıçaqla biləyini kəsərək intihara cəhd edib. Həyat yoldaşının onun Elçinlə münasibətini bilməsindən sonra isə onlar boşanıblar.
Tanınmış ailənin övladı olan və özü də elmlər doktoru olan N.K. son ifadələrində bildirib ki, E.Pirişov onu mütəmadi hədələdiyi, övladı R.-i çimərlikdə və ya başqa yerdə tapıb öldütdürəcəyi və digər hədələrlə onu istintaqa yalan ifadə verməyə məcbur edib. 2019-cu ildə təcridxanadakı görüş zamanı isə E.Pirişov onu döyərək müxtəlif xəsarətlər yetirib və 10 gün müddətinə 50 min dollar tapıb gətirməsini tələb edib.
"Mənə oyun qurublar"
Ölümündən əvvəl ifadələr verən E.Pirişov bildirib ki, həqiqətən A.H. ilə sevgi münasibətləri olub. Qadının əri biznesmen olduğu üçün 78 min dollara ehtiyacı olub və onlara həmin pulu borc olaraq verib. Lakin qarşı tərəf pulu ona geri qaytarmayıb. O, gizli sevgilisi olan A.H.-yə ümumilikdə 200 min manatdan çox xərclədiyini bildirib. E.Pirişov qeyd edib ki, ona borclu olan A.H. və əri pulu ödəməmək üçün ona oyun qurublar.
N.K.-ya gəlincə, o, həmin qadınla da sonradan sevgi münasibətində olduğunu bildirib. Lakin həmin qadını şantaj edən, onunla intim yazışmalar edən şəxsin özü deyil, dostu Süleyman olduğunu bildirib.
Bu ilin aprelində E.Pirişov saxlanıldığı müəssisədə vəfat edib.
Ötən ay isə məhkəmə prosesi başa çatıb və vəfat etdiyi üçün E.Pirişova cəza təyin edilməyib. Hazırda onunla birlikdə mütəşəkkil dəstə halında hədə-şantaj əməllərində iştirak edən şəxslərin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.