Bir neçə gün öncə "xalq artisti Zümrüd Məmmədovanın bacısı, AzTV-nin rejissoru Arzu Məmmədova 50 yaşında koronavirusdan dünyasını dəyişib" xəbəri bütün KİV-lərdə manşet oldu.
Xalq artisti jurnalistlərə bacısının koronavirusdan deyil, vaksindən öldüyünü desə də, bir çox KİV-in xəbərlərində rejissorun və həyat yoldaşının koronavirusdan öldüyü deyildi. Hətta ər-arvadın koronavirusdan komada olduğu və eyni gündə saat aralığı ilə vəfat etdiyini yazanlar da oldu.
Bizimyol.info xalq artisti ilə əlaqə saxlayıb və hadisənin detallarını öyrənib.
İlk öncə qeyd edək ki, 50 yaşlı Arzu Məmmədova uzun illər, yəni 1986-cı ildən AzTV-də rejissor işləyib. İşini sevən, ailəcanlı, iki övlad anası və gözəl həyat yoldaşına sahib olan Arzu xanımın səhhətində əlavə xroniki heç bir xəstəliyi olmayıb. Arzu Məmmədova sadəcə olaraq, gənc yaşlarından allergiyadan əziyyət çəkib. Belə ki, Arzu xanımın həssaslığı o qədər güclü olub ki, hətta yuyucu tozlar, yuyucu maddələrin qoxusuna qarşı belə allergiyası olub.
Zümrüd Məmmədova
Bacısı
Zümrüd Məmmədova bildirib ki, bacısı AzTV-də çalışdığı üçün ondan hamı kimi peyvənd olunmaq tələb edilib. Ancaq Arzu xanımın allergiyası olduğu üçün bacıları ona vaksin vurdurmağı məsləhət görməyib. Hətta ona deyiblər ki,
"əgər işdən vaksin vurdurmaq tələb olunursa, bir müddət çıx işdən. Sonra vəziyyət düzələr, yenidən qayıdarsan".Arzu xanım işini sevdiyi üçün bu fikirlə razılaşmayıb:
"Onun uzun illərdi ki, allergiyası var idi. Hətta saçına boya belə qoya bilmirdi. Boya qoyan zaman dərmanlar qəbul edir, həyat yoldaşı əlində iynə dayanıb, gözləyirmiş ki, birdən boya allergiya versə, müdaxilə edə bilsin. Allergiyası o qədər güclü idi ki, hətta evdə bir neçə dəfə bu səbəbdən ürəyi də getmişdi. İşdən vaksin və ya əks göstəriş sertifikatı tələb edilirdi. Arzu, Respublika xəstəxanasından "əks göstəriş" sənədi aldı. Ona demişdilər ki, "sənin allergiyan var, sənə vaksin olmaz. Sənədi təsdiq etdir, vurdurma". Sonra Arzu həmin sənədlə 39 saylı poliklinkaya müraciət edir. Poliklinkdan ona deyirlər ki, allergiya boş şeydir. Səni 5 günə müalicə edib, vaksin vuracağıq. Əvvəlcə Arzu razılaşmır, dava salır. Sonradan bilmədik, müalicə aldı, yoxsa almadı. Bizə sadəcə onu dedi ki, mənə peyvənd vurdular, xəbəriniz olsun, ölə bilərəm. Sanki ürəyinə dammışdı ki, öləcək"...Zümrüd Məmmədova deyir ki, bacısı ölməmişdən bir neçə gün öncə ailəsi ilə Qubaya istirahətə gedib:
"Sapsağlam idi, korona deyildi. Mən sizə şəkillərini göndərəcəyəm. Koronalı adam şəlaləyə çıxa bilər, dağa çıxa bilər? Onlar ailəliklə gedib, yeyib-içib, əylənib istirahət ediblər. Həmin yerlər yüksəklikdir. Heç sağlam adamlar çıxa bilmir, koronalı adam necə çıxa bilər. İstirahətin ertəsi gün Arzu Bakıya qayıtdı və bizə dedi ki, özünü yaxşı hiss etmir. Dedi ki, əllərində gicişmə var, sanki dili şişir. Mən də bacım Almazgildə idim".Arzu Məmmədovanın digər bacısı Almaz Məmmədovanın sözlərinə görə, səhər saat 10 radələrində Arzunun qızı zəng edib, təcili yardım çağırmasını xahiş edir:
"Dedi ki, anamın halı yaxşı deyil, dili şişir. Biz onunla məşğuluq, təcili yardımı yığırıq, düşə bilmirik, sən tez-tez yığ, bəlkə düşdün. Çağır gəlsin, allergiyası tutub, yaxşı deyil. Mən başladım tez-tez Təcili Yardıma yığmağa. Saat 11 olardı, nəhayət düşə bildim. Bildirdim ki, xəstəmiz allergik xəstədir, gec olsa ölə bilər. Hətta dedim ki, gəlin nə lazımdırsa, hörmət edəcəyik. Dəfələrlə yığdım, nəhayət saat 16.00-da təcili yardım Arzugilə gedir. Sonra bacımın əri ilə danışdım. Dedi ki, "Almaz gəldilər, yaxma götürdülər, yedilər, içdilər, 20 manat da pul verdik getdilər". Dedim bəs "oksigeni nə qədər idi?" Dedi yoxlamadılar ki. Mən də əsəbləşdim. Dedim ki, xəstəyə baxmırlarsa, test üçün gəliblərsə, gedib poliklinikada pulsuz verəydiniz testi, daha 20 manat niyə verirdiniz ki.."Bacılar hər saat Arzuya zəng edir, əhvalı ilə maraqlanır. Arzunun nə tempraturu, nə öskürəyi heç nəyi olmadığı üçün bacılarına narahat olmamalarını, vəziyyətinin yaxşı olduğunu deyir.
"Təcili Yardım getdikdən sonra tez-tez Arzu ilə əlaqə saxlayırdım. Dedi, "yaxşıyam bacı, narahat olma". Mən də yemək hazırlayıb kürəkənimlə göndərdim. Ölən günü avqustun 23-də Arzu çay içib, mandarin yeyib. Tabaka bişirmişdim, ondan yeyib, moruq mürəbbəsi yeyib. Qısacası, yaxşı olub vəziyyəti. Arzu gecə saat 3.00-də ölüb. Həmin vaxt Təcili Yardım çağırsaq da, Təcili Yardım Arzu öləndən 2 saat sonra gəlib yazdı ki, "çata bilmədik". Çata bilməzsiniz də, normal işləyirsiniz ki, çata da bilsiniz.Gecə saat 2.00-də Arzuya yığdım. Necə olduğunu soruşdum, yaxşı olduğunu dedi. Görüntülü danışırdıq. Qızım dedi ki, "ana Arzu xalanın rəngi qızarır". Arzuya dedik ki, telefonun fanarını yandır, üzünə baxım. Arzu telefonu bağladı, yenidən yığdıq. Telefonu qızı Ləman götürdü, dedi, xala anamın rəngi qızarır, dili qatlanır. Biz əl-ayağa düşdük, dedik əlini sal dilini çıxar, dodağına sancaq batr qan çıxar. Qızın da 19 yaşı var, bacardığını etdi. Hər şey gözümüzün önündə baş verdi. Canını tez tapşırdı. Dedim Ləman Arzunun əlini qaldır, qaldırdı barmaqları göyərmişdi. Dedim "keçindi". Yoldaşı ilə bir-birlərini dəli kimi sevirdilər. Arzunun ölümü yoldaşına elə pis təsir etdi ki, ev paltarı ilə küçəyə qaçıb qışqırırdı. Ağır stres keçirdi. Qardaşları onu həkimə aparıb, sakitləşdirici vurdurdular"...Arzu Məmmədova avqustun 24-də dəfn edilir. Həyat yoldaşı, elə həmin gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişir. O, Arzunun ölümünə dözə bilmədi... Yəni ər-arvadın koronavirusdan ölməsi xəbəri yalandır...
"TƏBİB-ə, Təcili Yardıma zəng vurursan açan olmur. İnsanlar ölür. İnsan həyatını ucuzlaşdırıblar. Heç nə demirik, Allah bəlalarını versin. Allergiyası olan heç kim vaksin vurdurmasın. Allergiya sağalmır. Bəlkə koronavirus sizi öldürməz, ancaq allergiyanız varsa, vaksin sizi öldürə bilər, Arzu Məmmədova kimi...Bir Arzu artıqlıq edirdi bu həyatda? Arzu öldü yeriniz genişləndi? AZTV-də nə qədər adam öldü, çıxardılar ki, koronavirusdan ölüb. Elə bil, fəxr edirlər. Arzu Məmmədova koronaviursdan deyil, vaksindən öldü" - deyə Almaz Məmmədova bildirib.
Məmmədovlar ailəsinin hazırda iki 12 və 19 yaşlı övladları qalıb... Məsəl ilə bağlı TƏBİB-ə sorğu göndərmişik... Cavab verildiyi zaman oxucuların diqqətinə çatdıracağıq.
Tarix: 31-08-2021, 22:08