Onun ürək-damar sistemi və qan dövranının pozulması səbəbindən öldüyü iddia olunur
Mingəçevir şəhərində ölüm faktı qeydə alınıb. Hadisə şəhərin Sağ Sahil qəsəbəsi, Niyazi küçəsində baş verib. İlkin məlumatlara görə, özünü şübhəli aparan şəhər sakini, 1986-ci il təvəllüdlü Zaur Heydərov ərazidə xidmət aparan polis əməkdaşlarından qaçmağa cəhd göstərib. Polis tərəfindən saxlanılan Z.Heydərovun halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Z.Heydərov keçinib. Onun ürək-damar qan dövranının pozulması səbəbindən öldüyü bildirilir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır. Z.Heydərovun nevroloji xəstəlikdən əziyyət çəkdiyi, o cümlədən epilepsiya xəstəsi olduğu iddia edilir.