Sabirabad rayonunun Qaratoğay kəndində məscidləri yandıran şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupunun Baş İnspektoru, Polis Baş Leytenantı Nizam Həmidov məlumat verib.
N. Həmidov bildirib ki, iyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırılıb.
Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib, polis tərəfindən cinayəti törədənlərin elə həmin kəndin sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları olduğu müəyyən edilib və onlar saxlanılıb.
DİN rəsmisi bildirib ki, hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıb: “Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.
Tarix: 6-07-2021, 14:48