Kəlbəcərdə media işçiləri və icra nümayəndəsinin ölümünə səbəb olan hadisənin şahidi rejissor Emin Məmmədov partlayış barədə danışıb.
Azərbaycan televiziyasının rejissoru Emin Məmmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hadisə baş verəndə 4 nəfər “KAMAZ”ın arxa hissəsində, sürücü ilə birlikdə 3 nəfər isə kabinada oturmuşdu:
“Yol palçıqlı idi. Ancaq, istifadə edilən yol idi, heç birimiz elə bir hadisə gözləmirdik. Arxada 2 icra nümayəndəsi, AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov vardı. Mən ön oturacaqda idim, yanımda icra nümayəndəsi vardı. O, telefonla yolu çəkirdi. Bir anda partlayış baş verdi. Biz çətinliklə kabinadan çıxa bildik. Partlayışın gücü səbəbilə arxada oturanlar avtomobildən kənara düşmüşdü. 3 nəfər vəfat etdi, onlarla eyni yerdə oturan bir icra nümayəndəsinin isə vəziyyəti ağırdır”.
Emin Məmmədov səhhətinin stabil olduğunu, qabırğalarında biraz əziklərin olduğunu bildirdi. O açıqlamasında həmçinin qeyd edib ki, Bakıya gələrək şəhid olan media işçilərinin qəbrini ziyarət edəcək.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Tarix: 5-06-2021, 23:00