Yunanıstan vətəndaşı olan muzdluların ermənilərin tərəfində döyüşmək üçün Qarabağa göndərilməsi barədə yayılan məlumatlar bu ölkənin narazılığına səbəb olub. Yunanıstan Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, bir neçə gün əvvəl Yunanıstandakı erməni diasporu Qarabağda Azərbaycana qarşı döyüşmək üçün orada ermənilərə müraciət edib. Bu barədə Afinadakı “Ermənistan” Mədəniyyət Mərkəzinin rəhbəri Minas Ovanesyan özü məlumat yayaraq bildirib ki, üç gün ərzində 100 könüllü toplanıb. O, iddia edib ki, Qarabağda Azərbaycana qarşı döyüşmək üçün müraciət edənlər əsasən erməni əsilli Yunanıstan vətəndaşları olsa da, aralarında yunanlar da var.
Bundan əvvəl isə yunan bloger, aktivist və “Greek City Times” nəşrinin müəllifi Paul Antonopoulos muzdlu Yunanıstan vətəndaşlarının işğal altında olan Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumat yaymışdı.
“Yunanıstandan Qarabağa gedən könüllülər: birinci qrupda Yunanıstandan 50 etnik erməni və 30 yunan olacaq”, - Paul Antonopoulos “Twitter”də yazmışdı.
Yunanıstan Xarici İşlər Nazirliyi isə bu ölkənin ərazisində muzdlu döyüşçülərin yaşaması və Qarabağa göndərilməsi barədə iddiaların əsassız olduğunu iddia edir.
“Yunanıstan Xarici İşlər Nazirliyi səfirini geri çağırmaqla yanaşı, Bakıya rəsmi qaydada etiraz notası da göndərib”, - deyə “Reuters”in məlumatında bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi hələlik bu məlumata münasibət bildirməyib.
Tarix: 7-10-2020, 20:52