Paşinyan Tərtər rayonundakı mis-molibden kombinatına baş çəkdi...-FOTO+VİDEO
Xəbər verdiyimiz kimi, növbəti dəfə qeyri-qanuni olaraq işğal altındakı Azərbaycan ərazilərinə səfər etmiş Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndindəki qondarma rejimin başçısı Araik Arutyunyanla birlikdə Qarabağdakı Kaşen dağ-mədən kombinatında olub.
Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb. Mis və molibdenlə zəngin olan, nisbətən qızıl ehtiyatlarına da malik mədəndəki kombinatın işi ilə yaxından maraqlanan işğalçı rəhbərlər Azərbaycan torpaqlarındakı əlvan metal mədənlərinin istismarı ilə bağlı gələcək planları müzakirə ediblər.
Xatırladaq ki, Kaşen mədəni sovet dövründə Ağdərə rayonu ərazisinə daxil olan, ancaq 1992-ci ildən bəri inzibati cəhətdən Tərtər rayonuna aid edilmiş və hazırda işğal altında olan Canyataq(“Cankatax”) və Dəmirli(“Saxkaşen”) və qismən də Xocalı rayonunun Pircamal(“Vardadzor” kəndləri ərazisində təxminən 820 hektar ərazini əhatə edir. Mədən Ermənistanın “Vallex Group” QSC-nin tərkibinə daxil olan “Base Metals” şirkəti tərəfindən qanunsuz istismar edilir.