Daha bir vəzifəli şəxsin karantində toy etməsi iddiası ilə bağlı “Amore”dan AÇIQLAMA
Sosial şəbəkələrədə Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən “Amore” restoranında toy məclisinin təşkil olunması ilə bağlı iddia və videogörüntülər yayılıb. Məsələ ilə bağlı “Amore” restoranının adminstratoru Yeniavaz.com-a bildirdi ki, sözügedən videolar iyun ayında çəkilib: “Dəqiq tarixi xatırlamıram. Amma o toy məclisi deyil, çöl şəraitində 20 nəfərin iştirakı ilə keçirilən nişan mərasimidir. Qapalı məkanda olmayıb”. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ qərargahın 15 may 2020-ci il tarixli qərarında restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanlarının müştərilərə saat 08:00-dan 18:00-dək xidmət göstərə biləcəyi bildirilir. Operativ Qərargahın 29 may 2020-ci il tarixli qərarı ilə həmin müddət 4 saat da artırılıb və ictimai iaşə məkanlarının fəaliyyət müddəti 22:00-a kimi uzadılıb. 2020-ci ili iyun ayının 21-dən etibarən isə müfafiq qərarla Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunub, o cümlədən kafe və restoranlarda yerində xidmət dayandırılıb. Fəaliyyətinə icazə verildiyi dövrdə isə, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilmişdi. Qeyd edək ki, Novxanı qəsəbəsində yerləşən “Amore” restoranının Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova məxsus olduğu iddia edilir. Həmçinin sosial şəbəkələrdə sözügedən restoranda keçirildiyi iddia edilən toy məclisinin də B. Eyyubovun qohumlarından birinə aid olduğu bildirilib.