İradə İbrahimova: “Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb” Bakı şəhəri, Xətai rayonu Nobel prospektində 30-a yaxın ağac kəsilib.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub.
AYNA bildirir ki, hadisə ilə bağlı nazirliyin mətbuat katibi İradə İbrahimova açıqlama verib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınan 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub: “Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.
“Yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarla təşəkkür edirik”, - deyə nazirlik rəsmisi qeyd edib.
Tarix: 25-08-2020, 13:59