Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yaşıllıq ərazi hasarlanıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.
A.İsmayılov ərazidən video paylaşaraq yazıb: “Prezident İlham Əliyev bu gün Yasamal rayonunda salınacaq yeni parkda bu sözləri deyib: "O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin. O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın". Prezidentin yaxın ətrafında olanlardan xahiş edirəm, 3 il bundan əvvəl paylaşdığım, 500 minə yaxın baxış yığan bu videonu onun diqqətinə çatdırsınlar. Sabunçu rayonu Bakıxanov qəsəbəsində rayon İcra Hakimiyyəti tərəfindən hektarlarla ərazisi olan bu park hasarlanıb, parkın ətrafında yaşayan minlərlə vətəndaş ora həsrət qalıb, park hissələrə bölünüb və artıq bir xeyli hissəsi satılıb”.
Tarix: 5-08-2020, 06:58