Şuşa xəstəxanasının təmiri yalnız 28 il sonra başlandı - Biz bir daşına da toxuna bilmədik...


Qarabağdakı evlərimizin uçuq divarlarını da öpə bilsək, özümüzü xoşbəxt sanardıq...




Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı terrorçu rejim koronavirusun daha çox yayılacağı ehtimalını nəzərə alaraq Şuşa rayon xəstəxanasında təmir işərinə başlayıb.
Moderator.az xəbər verir ki,  erməni nəşrlərinin yaydığı məlumata görə,  xəstəxananın palata şöbəsində koronaviruslu və digər xəstələr yerləşdirildiyindən hələlik poliklinika şöbəsinin təmiri başladılıb. Qondarma rejimin səhiyyə işlərinə nəzarət edən Araik Baqryan xəstəxanaya baş çəkərək həm “COVİD-19” xəstələrinin  vəziyyəti, həm də təmir işləri ilə tanış olub.
P.S. Xəbəri oxuyan kimi o saat özümüzə təsəlli verəcəyik ki, əşşi, ermənilər acından ölür – 28 ildir, hələ Şuşanın xəstəxanasını təmir edə bilməyiblər, nə gündədir. Biz orda olsaydıq, indiyədək, 20 dəfə təmir eləmişdik( təmir pulundan da yaxşıca “yemişdik)... 
Amma az-çox düşüncəsi olanımız özünə sual edəcək ki, nə olsun, ermənilər hansı binanısa təmir edə bilmirlər, bizim kimi dəbdəbəli toylar edə bilmirlər, “cip”lərdə gəzə bilmirlər, əsas odur ki, bizim torpaqlarımızda, o cümlədən Şuşada onlar gəzir, o cənnət məkanların havasını onlar udur, İsa bulağının, Turşsunun suyunu onlar içir... Biz bu gün Şuşanın, ya Laçının, Kəlbəcərin təmirsiz xəstəxanasının bir daşına toxuna bilirikmi? Bizlərdən o yerləri unutmayanlar üçün Qarabağdakı yandırılmış, dağıdılmış evlərimizin uçuq, yanıq divarlarını, bir daşını belə qucaqlayıb öpmək böyük xoşbəxtlik olardı...
Sultan Laçın
Tarix: 5-05-2020, 10:38
Xəbəri paylaş



Xəbər lenti