Polis adam bıçaqlayanı pandemiya dövrü olduğu üçün sərbəst buraxıb


Biləsuvar rayon sakini ailəsinin təhlükəsizliyinə təminat istəyir

Biləsuvar rayonu, Muğankənd kənd sakini Bədirov Məmməd Atamalı oğlu saytımız vasitəsi ilə ölkə rəhbərinə və hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb. Məktubda bildirilir ki, 16 aprel 2020-ci tarixdə həmkəndlisi Orucov İslam Şirəli oğlu mübahisə və münaqişə zəmnində onun oğlu 1995-ci il təvəllüdlü Bədirov Vüqara bıçaqla qarın nahiyəsindən ağır xəsarət yetirib. Özü isə baş nahiyəsindən xəsarətlər alıb.


Bədirov Məmmədin bildirdiyinə görə hadisəni törətmiş Orucov İslam hüquq mühafizə orqanları tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb. Fakt üzrə cinayət işi başlanılıb, amma iki və daha artıq şəxsə qarşı zor tətbiq etməkdə, onlara xəsarət yetirməkdə təqsirləndirilən şəxs barəsində pandemiya dövrü olduğunu əsas gətirərək barəsində həbs qətimkan tədbiri seçilməyib. Bədirov Məmməd bildirir ki, hadisəni törədən Orucov İslamın oğlu Orucov Araz Biləsuvar rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşıdır.


Bədirov Vüqar cərrahiyyə əməliyyatı olunsa da atası onun sağlıq durumunun qənaətbəxş olmadığını da qeyd edib.
Şikayətçi münaqişənin əsas səbəbkarı kimi kənd bələdiyyəsinin sədri Səidov Ruslan Sərxoş oğlunun olduğunu iddia edib. Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara edilən şikayətlər isə cavabsız qaldığını bildirib.


Sonda Bədirov Məmməd ölkə başçısı İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Zakir Qaralova müraciətdə məsələnin obyektiv araşdırılması, özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş edib.


Daxili Işlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidovun verdiyi məlumata görə hadisə baş verdiyi gün Biləsuvar rayon Polis Şöbəsində fakt üzrə Cinayət Məcəlləsinin 126.1maddəsi ilə cinayət işi başlanılıb. Orucov Islam təqsirləndirilən şəxs kimi saxlanılıb. Lakin istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluq pandemiya dövrünü nəzərə alaraq Orucov Islam barəsində həbs qətimkan tədbiri deyil, polisin nəzarətinə verilmə imkan tədbiri seçib. Istintaq hərəkətləri davam etdirilir.


azadliq.info

Tarix: 25-04-2020, 20:47
Xəbəri paylaş



Xəbər lenti