Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...

2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir. Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib.

Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.

Azərbaycanda turizmin inkişafı üçün nələrə ehtiyac var?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında "Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev bildirib ki, turizmin inkişafı üçün müəyyən addımlar atılır:

“Bu gün ölkəmizin iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan üç əsas sahə var: turizm, kənd təsərrüfatı və istehsal. Məhz bu sahələrin inkişafı iqtisadiyyatın dayanıqlı şəkildə böyüməsinə imkan yaradır. Çünki bunlar tükənməyən resurslara əsaslanan sahələrdir.

Bildiyimiz kimi, neft və qaz ehtiyatları tükənən sərvətlərdir. Bu səbəbdən qeyri-neft sektorunun inkişaf etdirilməsi artıq zərurətə çevrilib. Bu istiqamətdə turizmin inkişafı xüsusi önəm daşıyır.

Lakin söhbət yalnız ənənəvi turizmdən getmir. Sağlamlıq turizmi, ekoturizm, aqroturizm, kənd və yaşıl turizm kimi müxtəlif turizm növlərinin də inkişaf etdirilməsi vacibdir. Hazırda bu istiqamətdə müəyyən işlər görülür, ölkəmizdə ardıcıl olaraq beynəlxalq tədbirlər keçirilir və Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində addımlar atılır.

Bununla yanaşı, turizmin inkişafına təsir edən mühüm amillərdən biri quru sərhədlərin bağlı qalmasıdır”.

Onun sözlərinə görə, əvvəllər Qafqaz turları çərçivəsində Gürcüstandan Azərbaycana çox sayda turist quru yolla gəlirdi:

“Hazırda isə turistlərin ölkəyə girişinin əsas hissəsi hava nəqliyyatı vasitəsilə həyata keçirilir. Son dövrlərdə Gürcüstandan Bakıya qatar reysləri açılsa da, bu sistem hələ tam formalaşmadığından turistlərin əksəriyyəti hava yollarından istifadə edir”.

O qeyd edib ki, digər mühüm məsələ aviabiletlərin qiymətidir:

“Turpaketlərin ümumi dəyərinin təxminən 70 faizini aviabilet xərcləri təşkil edir. Bu səbəbdən qiymət siyasəti turizm sektorunda həlledici rol oynayır. Daha aşağı büdcəli hava yollarının Azərbaycana uçuşlara başlaması turist axınının artmasına müsbət təsir göstərə bilər.

Bu proses artıq Serbiya ilə başlayıb və gələcəkdə digər Avropa ölkələrini də əhatə edə bilər. Belə hava yollarından istifadə etməklə daha münasib qiymətə turpaketlər hazırlamaq və ölkəyə daha çox turist cəlb etmək mümkündür”. Ekspert qeyd edib ki, turist cəlbi məsələsində yalnız bir neçə istiqamətə fokuslanmaq kifayət deyil:

“Dünyada baş verən geosiyasi proseslər, müharibələr və təhlükəsizlik problemləri insanların səyahət seçimlərinə təsir göstərir. Bu səbəbdən ənənəvi turist bazarları ilə yanaşı, ikinci, üçüncü və dördüncü sırada yer alan potensial bazarlara da diqqət yetirilməlidir.

Həmin ölkələrdən Azərbaycana turist axınının artırılması üçün məqsədyönlü fəaliyyət aparılmalıdır. Turistlərin ölkəmizə gəlməsi yalnız turizm sektoruna deyil, bütövlükdə iqtisadiyyata və regionların sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.

Buna görə də turizmin şaxələndirilməsi, əlçatanlığın artırılması və yeni bazarlardan turist cəlbi gələcək dövrdə əsas prioritetlərdən biri olmalıdır”.

Tarix: Bu gün, 17:46
Xəbəri paylaş



Xəbər lenti