13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...


"Mən, Ağamirzəyev Hacımirzə oğlu, 14 aprel 1956-cı il təvəllüdlü, Qusar şəhəri, Hacı Məhəmməd küçəsi, ev 10 ünvanında yaşayan təqaüdçü Azərbaycan Respublikası vətəndaşı olaraq, Samur Dövlət Sərhəd Buraxılış Məntəqəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən torpaq və daşınmaz əmlakların alınması prosesində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, vətəndaşların mülkiyyət hüquqlarının məhdudlaşdırılması, dövlət vəsaitlərinin qanunsuz xərclənməsi və korrupsiya xarakterli halların mövcudluğu ehtimalı ilə bağlı araşdırma aparılmasını xahiş edirəm..." 

"DİA-AZ" xəbər verir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanan müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Qusar Rayon İcra Hakimiyyəti tərəfindən Samur sərhəd buraxılış məntəqəsi ətrafında fəaliyyət göstərən 13 sahibkara qarşı guya qanunsuz tikililərin sökülməsi barədə məhkəmədə iddia qaldırılmışdır. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, həmin sahibkarların torpaq və əmlakları üzrə hüquqmüəyyənedici sənədlər mövcuddur.

Bundan sonra Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia predmetini dəyişdirərək sahibkarlara məxsus torpaq və əmlakların dövlət ehtiyacları üçün alınması barədə tələb irəli sürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, rayon icra hakimiyyətinin belə bir tələb irəli sürmək səlahiyyəti yoxdur. Bu səbəbdən iddia təmin edilməmiş və rədd olunmuşdur.

Sonradan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 11 sahibkara məxsus torpaq və əmlakların dövlət ehtiyacları üçün alınması barədə əvvəlcə Qusar Rayon Məhkəməsinə müraciət edilmiş, daha sonra həmin materiallar geri götürülərək Sumqayıt İnzibati Məhkəməsində torpaq sahələrinin və daşınmaz əmlakların alınması, mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia qaldırılmışdır.

Araşdırılması zəruri olan mühüm hallardan biri də ondan ibarətdir ki, Samur sərhəd buraxılış məntəqəsinin genişləndirilməsi məqsədilə 21 sahibkara məxsus torpaq və daşınmaz əmlakların notariat qaydasında bağlanmış alqı-satqı və kompensasiya müqavilələri əsasında fiziki şəxs Rufət Qəhrəmanov tərəfindən əldə edildiyi bildirilir. Bu əməliyyatların hansı hüquqi əsaslarla həyata keçirildiyi, dövlət orqanlarının bu prosesdə rolu, ödənilmiş kompensasiyaların hesablanma qaydası, dövlət vəsaitlərinin sərf olunmasının qanuniliyi və vəzifəli şəxslərin fəaliyyəti hərtərəfli araşdırılmalıdır.

Mənim mülkiyyətimdə və istifadəmdə olan:

18 iyul 2003-cü il tarixli dövlət aktı əsasında verilmiş 2 hektar torpaq sahəsi;

03 may 2006-cı il tarixli dövlət aktı əsasında verilmiş 0,94 hektar torpaq sahəsi;

həmin torpaq sahələrində yerləşən 260 kvadratmetr qeyri-yaşayış tikilisi;

20 ildən artıq müddət ərzində qanuni əsaslarla istifadəm və sahibliyimdə olmuşdur.

Bu torpaq sahələri üzrə dövlət aktları mövcuddur. Həmin torpaqlardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilmiş, torpaq vergisi və digər məcburi dövlət ödənişləri tam həcmdə ödənilmişdir. Dövlət orqanları uzun illər ərzində bu torpaqlara dair hüquqlarımı tanımış, vergi ödənişlərini qəbul etmiş və sahibkarlıq fəaliyyətimin həyata keçirilməsinə etiraz etməmişdir.

Hazırda Dövlət Gömrük Komitəsi tərəfindən həmin ərazilərin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulsa da, mənə məxsus tikiliyə görə kompensasiya ödənilməsi məsələsi müzakirə edildiyi halda, dövlət aktları ilə rəsmiləşdirilmiş 2,94 hektar torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi mövqeyi irəli sürülür.

Hesab edirəm ki, bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" 20 aprel 2010-cu il tarixli 987-IIIQ nömrəli Qanuna, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna və Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə ziddir.

Konstitusiyanın 29-cu maddəsinə əsasən heç kəs qabaqcadan ədalətli kompensasiya ödənilmədən mülkiyyətindən məhrum edilə bilməz.

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə, həmin torpaq üzərində yerləşən tikililərə, əldən çıxmış gəlirə, köçürülmə xərclərinə və digər zərərlərə görə tam və ədalətli kompensasiya ödənilməlidir.

Dövlət aktı ilə rəsmiləşdirilmiş, 20 ildən artıq müddət ərzində istifadə olunan və vergiləri ödənilən torpaq sahəsinə görə heç bir kompensasiya verilmədən mülkiyyət hüququna xitam verilməsi qanunun məqsədinə və mahiyyətinə uyğun hesab edilə bilməz.

Bundan əlavə, Samur sərhəd buraxılış məntəqəsi ətrafında yerləşən bəzi sahibkarlarla müxtəlif məbləğlərdə alqı-satqı və kompensasiya müqavilələrinin bağlanması, kompensasiyaların hesablanma meyarlarının açıqlanmaması, bəzi obyektlərin sahibləri ilə razılıq əldə olunmadan söküntülərin aparılması barədə yayılan məlumatlar dövlət vəsaitlərinin istifadəsinin və vəzifəli şəxslərin fəaliyyətinin araşdırılmasını zəruri edir.

Mən artıq 30 may 2026-cı il və 03 iyun 2026-cı il tarixlərində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək bu halların araşdırılmasını xahiş etmişəm.

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının prezidenti, hörmətli İlham Əliyev cənablarından, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev cənablarından, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov cənablarından aşağıdakı faktları araşdırılması məqsədiə aidiyyatı üzrə sərəncam verilməsini xahiş edirəm:

1. Samur sərhəd buraxılış məntəqəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən torpaq və əmlak alınması prosesinin qanuniliyi araşdırılsın.

2. Dövlət vəsaitlərinin xərclənməsi, kompensasiyaların müəyyən olunması və ödənilməsi qaydaları yoxlanılsın.

3. Vəzifəli şəxslərin hərəkətlərində korrupsiya hüquqpozmaları, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və ya digər qanun pozuntularının olub-olmamasına hüquqi qiymət verilsin.

4. Mənə məxsus 2 hektar və 0,94 hektar torpaq sahələri, habelə 260 kvadratmetr tikili üzrə qanunvericilikdə nəzərdə tutulmuş tam, ədalətli və qabaqcadan kompensasiya hüququm təmin edilsin.

5. Dövlət aktları ilə təsdiq olunmuş mülkiyyət və istifadə hüquqlarımın pozulmasına yol verilməsin..."

Tarix: Bu gün, 20:27
Xəbəri paylaş



Xəbər lenti