
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin və qazilərimizin övladları iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsildə uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının yüksək səviyyədə qorunması, onların müasir standartlar əsasında böyüməsi, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Rayon rəhbəri bu ali diqqət və qayğının regionlarda, o cümlədən Tərtər rayonunda da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq uğurla və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayıb.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə bir bayram deyil, həm də cəmiyyətimizin gələcəyi olan azyaşlılara göstərilən dövlət qayğısının növbəti təzahürüdür. E.Əsədov xüsusi vurğulayıb ki, şəhid və qazi ailələrinin övladları xalqımız üçün ən əziz əmanətdir. Onların firavanlığı, sağlam və savadlı bir vətəndaş kimi yetişməsi hər birimizin mənəvi borcudur. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə müxtəlif sosial layihələr icra edir, uşaqların təhsili və asudə vaxtlarının səmərəli təşkili məsələlərini daim diqqət mərkəzində saxlayır.
Tədbirin bədii hissəsində uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub. Sonra uşaqlara YAP Tərtər rayon təşkilatı tərəfindən hazırlanmış bayram hədiyyələri təqdim edilib. Göstərilən bu diqqət balacaların böyük sevincinə səbəb olmaqla onlarda unudulmaz təəssüratlar yaradıb.
Sonda çıxış edən şəhid və qazi valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Görüş xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
