AVİABİLETLƏR NƏ VAXT “ENİŞ EDƏCƏK”? - Yeni “Buta Airways”ə ehtiyac var


Gürcüstana qatar biletlərinin qiyməti mövzusu AZAL-ın da qiymət siyasəti ətafında müzakirələri aktuallaşdırıb. Xüsusilə də yay mövsümündə xarici səfərlərin artdığı nəzərə alınmaqla, insanların buna marağını və narahatlığını anlamaq olar.

Son zamanlara qədər AZAL qiymətlərinin digər bir çox xarici şirkətlər, xüsusilə aşağı büdcəli (loukoster) şirkətlərin təklif etdikləri qiymətlərdən yüksək olmasının səbəbləri ilə bağlı təsəvvür o qədər də aydın deyildi. Nəhayət, AZAL QSC-nin prezidenti Samir Rzayev “AzTV”yə müsahibəsində bu məsələyə aydınlıq gətirib.

Onun dediyinə görə, AZAL rəhbərliyi biletlərin baha olması ilə bağlı vətəndaşların narazılığını başa düşür, lakin qiymət formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir. Ən əsası isə S.Rzayev deyib ki, AZAL özünü aşağı büdcəli (loukoster) daşıyıcı kimi mövqeləndirmir, ona görə də onu bu cür şirkətlərlə müqayisə etmək düzgün deyil. Şirkət öz xidmət səviyyəsinə və standartlarına uyğun olaraq qiymət təyin edir.

Yəni AZAL ucuz daşıyıcı və aşağı büdcəli şirkət deyil, ona görə də belə şirkətlərlə və onların təklif etdiyi qiymətlərlə müqayisə aparılması doğru deyil. Təbii ki, insafən AZAL bir çox cəhətləri - təyyarələrin vəziyyəti, təhlükəsizlik və xidmət səviyyəsinə görə yaxşı mənada seçilir. Göründüyü kimi, şirkət də hesab edir ki, qoyduğu qiymətlər reallığa və xidmət səviyyəsinə uyğundur.

Lakin başqa bir reallıq da var ki, Azərbaycanda bir çoxlarının alıcılıq qabiliyyəti heç də hər zaman AZAL-ın qiymətlərilə uyğun gəlmir. Xüsusilə ailəvi səfərlərə çıxan vətəndaşlar üçün bu səfərlər yüksək bilet qiymətləri səbəbindən çox baha başa gəlir.

AZAL prezidenti həmin müsahibəsində deyib ki, Heydər Əliyev Hava Limanında AZAL-dan başqa 40 xarici aviaşirkət uçuşlar həyata keçirir və onlardan 15-i aşağı büdcəli şirkətlərdir. S.Rzayevin dediyinə görə, 2025-ci ildə 1.7 milyon sərnişin həmin şirkətlərin xidmətindən istifadə edib. Ümumilikdə isə ötən il ərzində bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişinlərin sayı cəmi 3.5 milyon nəfər olub. O həmçinin qeyd edib ki, uçuşların yalnız 49 faizi AZAL, qalanları isə xarici şirkətlər tərəfindən həyata keçirilib. Şirkət başçısının təqdim etdiyi statistikaya əsaslansaq, ümumilikdə sərnişinlərin tən yarısı (3.5 milyondan 1.7 milyonu) həmin 15 loukoster şirkət tərəfindən daşınıb…

Lakin ən çox tələbat olan Türkiyə, Gürcüstan, Rusiya və s. bu kimi istiqamətlərdə həmin loukosterlərin xidmətlərinə elə də tez-tez rast gəlinmir. Ən əsası isə AZAL prezidentinin müsahibəsindən də aydın olur ki, ucuz daşımalara, münasib qiymətli aviabiletlərə böyük tələbat var və bu, başa düşüləndir. Deməli, AZAL-ın özü tərəfindən mütəmadi kampaniyalar keçirilməsinə, xüsusilə də populyar istiqamətlərə vaxtaşırı endirimli qiymətlər təklif edilməsinə ehtiyac var.

Daha dayanıqlı və optimal variant isə Azərbaycanın öz loukoster şirkətinin bu bazarda mövcudluğu və fəallaşmasıdır. Bir zamanlar AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” olduqca populyar idi və onun fəaliyyəti məmnunluqla qarşılanırdı. İndi eyni ənənəni bərpa etmək faydalı olardı.

Qeyd edək ki, bu və ya digər formada aşağıbüdcəli uçuşların təşkili yalnız yerli mülki aviasiyanın qarşısında duran vəzifə deyil. Bu, eləcə də yerli əhali üçün xarici səfərlərin əlçatanlığı ilə yanaşı, ölkəmizə xarici turist axını və yerli turizmin inkişafı üçün də vacib istiqamətdir.

AZAL-ın səviyyəsini, bir brend kimi keyfiyyətini qorumaq vacibdir. Ancaq bununla yanaşı, loukoster xidmətinə olan ehtiyac da təmin edilməlidir…

Tarix: Bu gün, 16:24
Xəbəri paylaş



Xəbər lenti