KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “M7 Agency” MMC (VÖEN – 1906387161) olub.
Yeniavaz.com 
xəbər verir ki, KOBİA tenderin qalibi olan “M7 Agency” MMC-yə tərcümə xidmətləri üçün 38 min manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “M7 Agency” MMC bir il əvvəl – 26 may 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Suraxanı rayonu, Hövsan ŞTQ, Bağça (Hövsan qəs), ev. 5, m. 11-də yerləşən MMC-nin qanuni təmsilçisi Vəliyeva Mehin Nəsimi qızıdır. “M7 Agency” MMC-nin saytında həmçinin qeyd olunur ki, Mehin Vəliyeva həm də MMC-nin təsisçisidir.

Məlumat üçün onu da qeyd edək ki, Mehin Vəliyeva KOBİA-nın tabeliyində fəaliyyət göstərən Bakı KOB İnkişaf Mərkəzində ekspert kimi fəaliyyət göstərib. Qurumun rəsmi saytında yer alan məlumatda bildirilir ki, Mehin Vəliyeva Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavr məzunudur. Hal-hazırda ADA Universitetində “Dövlət İdarəetməsi” ixtisasında magistr təhsili alır. “Balakhani Operating Company LTD” şirkətində çalışır. Eyni zamanda sahibkardır, 2 şirkətə rəhbərlik edir.

Onu da bildirək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.1.1.-ci maddəsində göstərilir ki, təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda təchizatçıların satınalmalarda iştirakına yol verilmir.

Tarix: Bu gün, 22:49
Xəbəri paylaş



Xəbər lenti