Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur


Təhsil bir ölkənin gələcəyini müəyyən edən əsas sütunlardan biridir. Bu sahədə atılan addımlar, aparılan islahatlar və əldə olunan nəticələr birbaşa olaraq dövlətin inkişaf səviyyəsini müəyyənləşdirir. Lakin reallıq göstərir ki, bəzi hallarda səsləndirilən inkişaf iddiaları ilə faktiki vəziyyət arasında ciddi fərqlər mövcuddur.


Azərbaycanın müstəqilliyindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bir çox sahələrdə hələ də real inkişaf müşahidə olunmur; inkişaf daha çox söz və vədlərdə səslənsə də, praktik nəticələrdə özünü kifayət qədər göstərmir.

Dünyanın bir çox ölkələri məhz təhsilə verdikləri strateji önəm sayəsində sürətli inkişaf yolu keçiblər. Təhsil onların iqtisadi, sosial və texnoloji yüksəlişinin əsas dayağına çevrilib. Azərbaycanda isə bu sahə illərdir ki, prioritet kimi təqdim olunsa da, real nəticələr gözləntiləri doğrultmur. Bu gün də həm paytaxt Bakı, həm də bölgələrdə fəaliyyət göstərən bir çox təhsil müəssisələrinin vəziyyəti bunu açıq şəkildə göstərir.



Məktəblərin fiziki şəraiti, idarəetmə problemləri, müəllim-valideyn münasibətlərində yaranan gərginliklər və qeyri-rəsmi ödəniş iddiaları təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Təhsil ocaqlarında formalaşmalı olan sağlam mühit bəzi hallarda əksinə, narazılıq və inamsızlıq mühitinə çevrilir. Bu isə birbaşa olaraq şagirdlərin təhsil almasına maneə yaradan amillər sırasındadır.


Mövzu ilə bağlı DogruXeber.tv informasiya portalının redaksiyasına növbəti müraciət daxil olub. Müraciət Ağdam rayonu Çullu kəndi sakini Allahverdiyev Azər Məhəmməd oğlu tərəfindən edilib. Onun iddiasına görə, Soltanbud kənd tam orta məktəbində bir sıra ciddi nöqsanlar mövcuddur və bu problemlər uzun müddətdir aradan qaldırılmır. Şikayətçi bildirir ki, yeni tikilməsinə baxmayaraq məktəbdə natəmizlik halları geniş yayılıb. İdman zalında köhnə və istifadəsiz əşyaların qalaqlanması, bu sahənin təyinatından kənar istifadə edilməsi diqqət çəkən məqamlardandır. Bundan əlavə, iddiaya görə laborator otaqlarda işə davamiyyət mütəmadi deyil və bu sahədə ciddi nöqsanlar aşkar olunub.


Daha ciddi iddialardan biri isə sinif otaqlarının elementar təminatı ilə bağlıdır. Belə ki, şagirdlərin valideynlərinə işıqlandırma və digər texniki problemlərin həlli üçün vəsait toplamaq təklif edildiyi bildirilir. Bu isə dövlət tərəfindən təmin olunmalı olan sahələrdə məsuliyyətin vətəndaşların üzərinə yönləndirilməsi kimi qiymətləndirilir.


Qeyd olunan bütün bu hallar məktəbdə təhsil mühitinin zəifləməsinə, şagirdlərin normal təhsil almasına maneələr yaranmasına səbəb olur. Şikayətçi bildirir ki, bu problemlərlə bağlı dəfələrlə həm ictimaiyyətə, həm də məktəb rəhbərliyinə məlumat verilsə də, konkret nəticə əldə olunmayıb.


Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyi öyrənilib. Məktəbin direktoru Xatirə Məmmədova bildirib ki, səsləndirilən nöqsanlar artıq aradan qaldırılıb və hazırda məktəbdə ciddi problem mövcud deyil.


Təqdim olunan videomaterialda isə iddia olunan vəziyyətin müəyyən məqamları açıq şəkildə əks olunduğu bildirilir.

Tarix: Bu gün, 18:04
Xəbəri paylaş



Xəbər lenti