
Azərbaycan Respublikası Milli Məclisinin Aparatının tabeliyində fəaliyyət göstərən “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının Mətbəəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə olan vergi borcu fantastik həddə çatıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, dövlət müəssisəsinin maliyyə öhdəlikləri son bir il ərzində kəskin şəkildə pisləşib. Belə ki, ötən ilin müvafiq dövründə MMC-nin vergi borcu cəmi 184 min 617 manat təşkil edirdisə, hazırda bu rəqəm 2 milyon 772 min 845 manata yüksəlib. Rəqəmlərin müqayisəsi göstərir ki, qurumun borcu cəmi bir il ərzində təxminən 15 dəfə artaraq milyonlarla manatlıq kəsirə çevrilib.

Xatırladaq ki, sözügedən MMC 2020-ci ildə cəmi 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Müəssisənin idarəetməsində isə yaxın günlərdə kadr dəyişikliyi baş verib. Belə ki, cari ilin 18 mart tarixində Əsgərov Etibar Möhkəm oğlu quruma yeni direktor təyin edilib. Görünən odur ki, yeni rəhbərlik fəaliyyətinə milyonlarla manatlıq ağır vergi yükü və ciddi maliyyə problemləri ilə başlamaq məcburiyyətində qalıb.