
02.04.2026-cı il tarixində 10/348 nömrəli məktubla TƏBİB rəhbərliyinə ünvanlanan rəsmi elektron sorğuya bu günədək cavab verilməməsi artıq sadəcə səhlənkarlıq yox, açıq-aşkar qanun pozuntusu kimi qiymətləndirilməlidir. Halbuki qüvvədə olan qanunvericiliyə əsasən, belə sorğular ən gec 7 iş günü ərzində cavablandırılmalıdır. 20 gündən artıq susqunluq isə ciddi suallar doğurur. Sorğuda Qobustan Rayon Mərkəzi Xəstəxanası ilə bağlı kifayət qədər konkret və narahatedici iddialar yer alırdı.Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlara görə, bu tibb müəssisəsində bəzi tibb işçiləri uzun müddət işə gəlmədikləri halda, adları ştat cədvəlində saxlanılır və müntəzəm şəkildə əməkhaqqı alırlar(ölü canlar). Hətta bu şəxslərin ad və soyadları da sorğuda açıq şəkildə təqdim olunmuşdu. Bu isə artıq sadəcə daxili intizam məsələsi deyil – dövlət büdcəsindən ayrılan vəsaitlərin mümkün mənimsənilməsi ehtimalıdır.Yeni təyin olunmuş Anar Bayramov üçün bu məsələ artıq sadəcə lokal şikayət yox, prinsipial sınaqdır. Əgər rəhbərlik doğrudan da şəffaflıq və qanunçuluq prinsipini əsas götürürsə, Qobustan Rayon Mərkəzi Xəstəxanası ilə bağlı səsləndirilən bu qədər konkret iddialara səssiz qalmaq izaholunmazdır.Sual açıqdır: Anar Bayramov bu faktlara göz yumacaq, yoxsa dərhal araşdırma başladacaq? Çünki ortada sadəcə intizam pozuntusu deyil, dövlət vəsaitinin mümkün təyinatdan kənar istifadəsi ilə bağlı ciddi şübhələr var. Belə hallarda gecikən hər gün şübhələri daha da dərinləşdirir.Digər tərəfdən, xəstəxananın direktoru Günay Muradova ilə bağlı iddiaların araşdırılması yalnız fərdi məsuliyyət məsələsi deyil – bu, bütövlükdə səhiyyə sisteminin necə işlədiyini üzə çıxara bilər. Əgər doğrudan da işə gəlməyən şəxslərə maaş yazılması faktı mövcuddursa, bu, təkcə bir rəhbərin yox, daha geniş korrupsiya əməlidir.Aparılacaq obyektiv və şəffaf araşdırma yeni faktları üzə çıxara bilər. Bu faktlar ya iddiaları tam təsdiqləyəcək, ya da təkzib edərək ictimaiyyətə aydınlıq gətirəcək. Amma ən təhlükəli variant indiki kimi susqunluğun davam etməsidir – çünki bu halda suallar cavabsız qalır, şübhələr isə böyüyür.Məsələ ilə bağlı yaxın günlərdə Əmək Müfəttişliyinə və digər aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanacaq. Görünən odur ki, bu dəfə suallar cavabsız qalmayacaq – çünki ortada həm qanun, həm də ictimai maraq var.
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com