Xırdalanda restoran əjdaha olub, parkın içindəki ağacları udub

Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində parkın içindəki “Caramel restoranı”nın sahəsi artırılır. Artırılmış hissənin içərisində şam ağacları “əsir alınıb” və quraşdırılmış konstruksiyaların əhatəsində qalıblar. Ehtimal böyükdür ki, gün işığından məhrum olan həmin ağaclar sonradan restoranın sahibkarı tərəfindən kəsilsin. Amma kəsilməsələr belə o ağaclar parka asudə vaxtını keçirməyə gələn şəhər sakinlərinin gözünü oxşamalı, üzərlərinə kölgə salmalıydılar, təkcə restoranda xərcləməyə pulu olanların deyil.

Bu özbaşınalıqla bağlı münasibətini öyrənmək üçün Abşeron Rayon İcra Hakimiyyətinin memarı Kənan Babayevə zəng vurub əlaqə saxladıq. Vəzifəli şəxs məsləhət gördü ki, məsələ ilə əlaqədar sualları Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlayaq. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt Ərazi İdarəsinə xəbər vermişik. İdarənin məsul əməkdaşı tezliklə əraziyə baxış keçiriləcəyini və faktın aktlaşdırılacağını vəd edib. Lakin iki gündür “həyəcan təbili” döyməyimizə baxmayaraq, adlarını çəkdiyimiz qurumların heç birindən hərəkət müşahidə edilmir.

Yeri gəlmişkən, deputat Razi Nurullayev parklarda kafe-restoranların olmasını doğru hesab etmir: “Beynəlxalq təcrübəyə əsasən, Avropa ölkələrində parklar və meşə sahələrində ticarət obyektlərinin fəaliyyətinə icazə verilmir, yaxud sayla bağlı müəyyən məhdudiyyətlər qoyulur. Azərbaycanda isə parklarda şəxsi ticarət obyektlərinin yaradılması və kafelərin tikilməsi halları müşahidə olunur. Bunun əleyhinə deyiləm, obyektlərin saylarının məhdudlaşdırılması daha məqsədəuyğun olardı. Parklar yeyib-içmək yeri yox, dincəlmək, gəzmək üçün məkan olmalıdır”.

Nisa Şirvanlı

Nyus.Az









Tarix: 7-04-2026, 13:16
Xəbəri paylaş



Xəbər lenti