Xırdalan 3 saylı məktəb-liseydə "etiraf" rüsvayçılığı: Valideynlər Abşeron-Xızı Regional Təhsil İdarəsini fəaliyyətsizlikdə ittiham edir

Xırdalan şəhəri 3 nömrəli məktəb-liseyin şagirdlərinin sosial şəbəkələrdəki fəaliyyəti valideynlərin ciddi narazılığına və təşvişinə səbəb olub.

Neqativ.com xəbər verir ki, belə ki, bir qrup valideyn tərəfindən 32gun.az-ın redaksiyasına daxil olan müraciətdə təhsil ocağının şagirdlərinin "Xırdalan 3 nömrəli məktəb etiraf" adlı Instagram və TikTok hesabları vasitəsilə mənəviyyata zidd paylaşımlar etdiyi, müəllim və şagirdlərin adlarının xoşagəlməz kontekstlərdə hallandırıldığı bildirilir. Valideynlər xüsusilə vurğulayırlar ki, dövlət başçısı İlham Əliyevin cari ilin fevral ayında uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması ilə bağlı imzaladığı Sərəncama baxmayaraq, sözügedən məktəbdə bu istiqamətdə heç bir maarifləndirmə işi aparılmır və rəhbərlik prosesə tamamilə göz yumur.

Sözügedən sosial şəbəkə hesablarında paylaşılan görüntülər məktəb mühitindən daha çox qeyri-etik tanışlıq platformasını xatırladır. Şagirdlər anonim şəkildə bir-birinə "eşq elan edir", dərs saatlarında bir-birlərini izləyərək geyimlərini və xarici görünüclərini müzakirəyə çıxarırlar. Hətta vəziyyət o yerə çatıb ki, məktəbin divarlarına çəkilən qeyri-etik rəsmlər və dodaq boyası izləri fəxrlə nümayiş etdirilir. Daha acınacaqlı məqam isə məktəbin tərbiyə işləri üzrə direktor müavini, şəhid qızı Jalə müəllimənin iş yerinin dəyişdirilməsinin şagirdlər tərəfindən "bayram edilməsidir". Şagirdlərin şəhid övladı olan bir pedaqoqun gedişinə görə "xəngəl qonaqlığı" təşkil etməsi və bunu şəbəkələrdə rişxəndlə paylaşması təhsil müəssisəsində tərbiyə prosesinin hansı səviyyədə olduğunu açıq şəkildə ortaya qoyur.

Şikayətçi valideynlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevanı məsələyə laqeyd münasibət bəsləməkdə ittiham edirlər. Onların sözlərinə görə, məktəblərdə mütəmadi yoxlamaların aparılmaması, rəqəmsal gigiyena ilə bağlı tədbirlərin görülməməsi şagirdlərin tamamilə başlı-başına qalmasına şərait yaradıb. Valideynlər övladlarının adlarının bu cür "etiraf" səhifələrində hallanmasından, onların gələcək taleyindən və psixoloji vəziyyətindən ciddi narahatlıq keçirirlər. Bildirilir ki, 2021-ci ildə ölkə rəhbərliyi tərəfindən əsaslı təmirdən sonra açılışı edilən, müasir standartlara cavab verən belə bir möhtəşəm təhsil ocağının indi bu cür xoşagəlməz hadisələrlə gündəmə gəlməsi aidiyyəti qurumların rəsmi sərəncamların icrasına dırnaqarası baxmasının nəticəsidir.

Məsələ ilə bağlı həm Elm və Təhsil Nazirliyinin, həm də hüquq-mühafizə orqanlarının təcili müdaxiləsi tələb olunur. Valideynlər gənclərin tərbiyəsini pozan, onları təhsildən yayındıran bu cür səhifələrin bağlanmasını və onu idarə edənlərin qanun qarşısında cavab verməsini gözləyirlər. Əks halda, məktəb mühitində baş alıb gedən bu özbaşınalığın daha ağır fəsadlara, o cümlədən yeniyetmələr arasında intihar və ya digər cinayət hadisələrinə yol açacağı istisna edilmir.

Tarix: 7-03-2026, 16:37
Xəbəri paylaş



Xəbər lenti