Rus ordusuna qoşulan azərbaycanlılar haqqında çirkin həqiqət

Ukrayna savaşında Putinin işləri çətinləşdikcə aqressiyası da artır, gözü qarşısını görmür. Kim gəldi tutub cəbhəyə basırlar, orada isə ukraynalılar bu muzdlu axmaqları dronlarla cücü kimi dənləyirlər. Çox təəssüf ki, həmin “rus ordusunun” tərkibində xeyli azərbaycanlı da var. Artıq Rusiya tərəfdən vuruşan və ölən, itkin düşən azərbaycanlıların sayını itirmişik. Günaşırı hansısa rayonumuza şimaldan meyit gətirilir. Belə getsə, Donbasda ölən azərbaycanlıların sayı Qarabağın azad olunması uğrunda şəhid olan azərbaycanlıların sayını ötüb keçəcəkdir. 

Niyə Azərbaycan hökuməti buna qarşı hansısa tədbir görmür? Ən azı Rusiyaya XİN xətti ilə “bizimkiləri cəbhəyə basmayın” xəbərdarlıqlı nota verilməliydi. Harada görünüb əmək miqrantını muzdlu döyüşçü kimi “işlədəsən”? 

Əgər orada ölən azərbaycanlılar Rusiya vətəndaşıdırsa, nə üçün meyitləri sonra Azərbaycana gətirilib, burada dəfn edilir? Sanki yaxşı bir iş görübmüşlər kimi, hələ onlar üçün ağlaşırıq. Halbuki başqa dövlətin ərazisinin işğalında, şəhərlərinin dağıdılmasında, uşaqların ölümündə iştirak edən muzdlu qatillərdən heç bir fərqləri yoxdur. 

Maraqlıdır ki, oxşar əməlləri Suriyada, İraqda İŞİD-ə, Əfqanıstanda, Pakistanda "Əl-Qaidə"yə qoşulanlar törədəndə dövlət ən sərt tədbirlərə əl atır. Bizim Cinayət Məcəlləsində də xaricdə hansısa muzdlu olmaq, hərbi qruplaşmaların tərkibinə qoşulmaq məsuliyyət yaradır. Ancaq nədənsə bu maddə Rusiya ordusunda döyüşən azərbaycanlılara tətbiq edilmir. Niyə, görəsən? 

Müqayisə bəlkə bir az şişirtmə kimi görünəcək, hazırda məhkəmələrimizdə Azərbaycan ərazisində terror qruplaşmaları, qanunsuz silahlı dəstələr yaradanların istintaqı gedir. Haqlı olaraq onlara ağır cəzalar istənilir. Bəs görəsən, niyə oxşar hərəkətləri Ukraynanın beynəlxalq qanunlarla tanınan ərazilərinə, sərhədlərinə qarşı törədən azərbaycanlılara da tətbiq etmirik? 

Xarkova “zet” işarəsi altında hücuma keçən azərbaycanlı Mamedin Bərdəyə bomba atan Araik Arutyunyandan çoxmu fərqi var? Ya da qarı şey olandan sonra “artsax” aşiqinə dönmüş Ruben Vardanyandan? 

İkili standart lazım deyil. Həm Rusiyaya, həm də orada işğalçılara qoşulan həmyerlilərimizə ciddi xəbərdarlıq mesajı verilməlidir. Dövlətlə yanaşı, cəmiyyətin də belələrinə münasibəti açıq, kəskin qoyulmalıdır. Məsələn, Ukrayna torpaqlarının işğalında ölənlərin meyitlərini qəbul etməməliyik. Bura muzdlular qəbiristanlığı deyil, uğrunda igid insanların həlak olduğu müqəddəs torpaqlardır. 

Əlbəttə, başa düşürəm, kasıbçılıq şəraitində patriotizm çətindir. O adamlar yaxşı həyat üzündən çöllərə, Sibir şaxtasına, Putinin əlinə düşməyiblər. Təzəlikcə Ağdamda 2 qardaşı 12 manata görə bıçaqlamışdılar. Hətta hansısa məktəbli 20 qəpiyin qurbanı olmuşdu. Ancaq yoxsulluq cinayətə, xüsusilə də başqasının torpaqlarında günahsız insanları öldürməyə haqq qazandıra bilməz.

Sonda balaca boş yerimiz qalıb, onu da Çin müdriklərindən birinin rəvayəti ilə dolduraq: 

“Bir nəfər həqiqət axtarmağa yollanır. Az gedir, üz gedir, xeyli axtarandan sonra üfunətli, iyrənc bir əraziyə çatır. Görür burada uçuq komada həddindən artıq çirkin bədheybət oturub. Bədheybət deyir ki, mən Həqiqətəm. Adam dilxor olur: "Ey Həqiqət, insanlar məndən sənin necə olduğunu soruşacaqlar, bəs mən necə deyim ki, sən bu qədər çirkinsən?" Həqiqət deyir: “Get, onlara yalan söylə”. 

Tarix: 23-12-2025, 09:26
Xəbəri paylaş



Xəbər lenti