"Gömrük Komitəsi buna tezliklə aydınlıq gətirsin" - Gürcüstanın bu addımı hiddət yaratdı

Artıq 20 gündən çoxdur ki, Azərbaycandan Avropaya yük daşıyan tırların Tiflis və Batumi gömrük-keçid məntəqələrində ləngidilməsi, sürücülərin buraxılmaması və əsassız cərimələrin tətbiqi ciddi narazılığa səbəb olub. Sürücülər bildirirlər ki, gürcü gömrükçüləri kobud davranır, sənədlərdə problem olmadığı halda müxtəlif bəhanələrlə yoxlamaları uzadır, Gürcüstan DYP əməkdaşları isə Azərbaycan qeydiyyatlı yük maşınlarını tez-tez saxlayaraq hərəkətə mane olur.

 

Baş verənlərin təsadüfi olmadığı, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı geosiyasi proseslərlə əlaqəli ola biləcəyi barədə fikirlər gündəmdədir. Ekspertlərin sözlərinə görə, Gürcüstanın bu davranışı regionda dəyişən nəqliyyat balansından irəli gələn narahatlığın nəticəsi ola bilər.

 

Bu məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Gürcüstanın Azərbaycan yük maşınlarına qarşı tətbiq etdiyi məhdudiyyətlər təsadüfi deyil və regionda gedən geosiyasi dəyişikliklərlə birbaşa əlaqəlidir:

 


 

"Gürcüstan 30 il ərzində Azərbaycan üzərindən keçən tranzit yüklərdən milyonlarla dollar qazanc əldə edib. Bu dövrdə ölkə tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirib. Lakin bu gün regionun siyasi xəritəsi dəyişib. Qarabağ məsələsinin həll olunması, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişlərin əldə edilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmalar Gürcüstanın tranzit roluna təsir edəcək. Amma bu onların tam sıradan çıxması demək deyil”.

 

Onun fikrincə, Gürcüstanın narahatlığı siyasi motivlərlə yanaşı, xarici təsir elementləri ilə də əlaqəli ola bilər:

 

“Burada yalnız Gürcüstanın maraqlarından danışmaq olmaz. Rusiyanın da bölgədəki prosesləri yönləndirməyə cəhd etdiyi görünür. Moskva Gürcüstan hökumətinə dolayı yolla təzyiq edərək Azərbaycanın tranzit üstünlüyünü zəiflətməyə çalışa bilər. Bu səbəbdən Tbilisinin atdığı addımlar müəyyən dərəcədə kənar təsirlərin nəticəsidir”.

 

Politoloq həmçinin xəbərdarlıq edib ki, Gürcüstan bu xətti davam etdirərsə, Azərbaycan tranzit marşrutlarını dəyişə bilər:

 

“Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan tranziti digər alternativlərə yönəldəcək gücə sahibdir. Gürcüstan isə reallıqlara uyğun davranmasa, özünün 30 illik tranzit üstünlüyünü itirə bilər. Ona görə də Tbilisi bu məsələdə praqmatik mövqe tutmalıdır”.

 

Politoloq Əhəd Məmmədli də sürücülərin günlərlə sərhəddə saxlanması barədə məlumatları təsdiqləyərək bildirib ki, Azərbaycan tərəfi bu məsələyə daha çevik reaksiyanı çoxdan verməli idi:

 


 

“Azərbaycan Gömrük Komitəsi və əlaqədar qurumlar dərhal açıqlama təqdim etməlidir. Gürcüstanın bu addımı səbəbsizdirsə, buna cavab verilməlidir. Gürcü səfiri çağırılmalı, rəsmi izahat tələb olunmalıdır. Diplomatik nümayəndəliyimizin əməkdaşları orada saxlanılan sürücülərin yanında olmalıydı. Artıq bir aya yaxındır məsələ gündəmdədir, lakin rəsmi reaksiya gözə çarpmır”.

 

Ə.Məmmədli Gürcüstanın bu davranışının arxasında iqtisadi və siyasi hesablamaların dayandığını vurğulayıb:

 

“Gürcüstan anlayır ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə onun tranzit üstünlüyü azalacaq. Bu, onların iqtisadiyyatında ciddi dəyişiklik yarada bilər. Bu səbəbdən Tbilisi indidən maksimum təzyiq göstərərək öz mövqeyini qorumağa çalışır. Bu addım emosional və səhv hesablamaya əsaslanan yanaşmadır”.

 

O həmçinin xatırladıb ki, illər ərzində Gürcüstan Azərbaycan hesabına ciddi iqtisadi dividendlər əldə edib:

 

“Azərbaycan neft və qaz boru kəmərləri Gürcüstanın iqtisadi dirçəlişində həlledici rol oynadı. Gürcülər bunu yaxşı bilir. Bizim layihələr olmasaydı, bu gün Gürcüstanın iqtisadi xəritəsi tam fərqli ola bilərdi. İndi isə bu ölkə həmin əməkdaşlığın əvəzində bizə qarşı təzyiq aləti tətbiq edir. Bu, həm dostluq münasibətlərinə, həm də əməkdaşlıq prinsiplərinə ziddir. Bizim tranzit imkanlarımız genişdir. Lazım gələrsə, Gürcüstan üzərindən daşınma həcmləri azaldıla bilər. Ona görə Gürcüstanın mövqeyi yalnız bizə deyil, özlərinə də ziyan vurur”.

Tarix: 2-12-2025, 15:55
Xəbəri paylaş



Xəbər lenti