İyunun 5-də Tərtərdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçıları ilə birlikdə Ulu Öndərin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.
Qeyd edib ki, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.
Tədbirin sonunda rayon rəhbəri tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərmanlar təqdim olunub.