Zibil qutuları problemi: Əlimizdəki zibilləri hara ataq? - SORĞU


Bakı şəhərinin küçə və prospektlərinin əksəriyyətində zibil qablarına rast gəlinmir. Bu isə sakinlərin və qonaqların əllərindəki tullantıları atmaq üçün yer tapmadıqlarından onları yerə atmaları ilə nəticələnir. Siqaret çəkənlər üçün bu hal, çox zaman cərimələnmə ilə yekunlaşır.

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Xeberver.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən narıncı və yaşıl zibil qutuları Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə aiddir. Bu qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərsə də, konkret ərazilərdə zibil qutularının yerləşdirilməsi rayon Mənzil-Kommunal Təsərrüfat birlikləri tərəfindən tənzimlənir. Mətin Hüseynov qeyd edib ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti küçə və prospektlərdəki zibil qutularının dislokasiyası ilə məşğul olmur və ümumilikdə, zibil məsələsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyil.

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq  Aydın Xan Əbilovun da fikirlərini öyrəndik.

 O, xeberver.az-a bildirib ki, paytaxtın bir çox ərazilərində, o cümlədən şəhər mərkəzində və ətrafında zibil qablarının çatışmazlığı ciddi problemdir. Onsuz da ölkədə məişət və sənaye tullantılarının çeşidlənməsi, onlara uyğun zibil qablarının yerləşdirilməsi məsələsində problemlər qalmaqdadır. Bu çatışmazlıqlara əlavə olaraq, qanunvericilikdə edilən dəyişikliklər də vətəndaşların narazılığına səbəb olur. Belə ki, siqaret kötüyünü yerə atan şəxslər yüksək məbləğdə cərimələnirlər. Halbuki əgər yaxınlıqda zibil qabı yoxdursa, bu məsuliyyət təkcə vətəndaşların deyil, şəhər təsərrüfatı qurumlarının rəhbərlərinin və digər aidiyyəti məmurların da üzərinə düşür. Onlar da bu məsələyə görə ciddi şəkildə məsuliyyət daşımalıdırlar.

Tarix: 23-04-2025, 09:46
Xəbəri paylaş



Xəbər lenti