“Qafqazinfo”ya daxil olan məlumata görə, Bakının mərkəzində mənzilin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.
Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”nə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və cidd-cəhdlə çalışır.
Bəs Elçin Həsənov kimdir? O təkcə mərhum Azad Rəhimovun qaynıdırmı?
Prosport.Az onun haqda məlumatları təqdim edir:
Əvvəla, onu bildirək ki, Elçin Həsənov idmana yad sima deyil. O, 2015-ci ildə I Avropa Oyunları üçün tikilən Bakı Su İdmanı Sarayına (Baku Aquatic Palace) direktor təyin olunub. Daha sonra o, həmin ilin oktyabrın 14-də o vaxt Su İdman Növləri Federasiyası adlandırılan Üzgüçülük Federasiyasına vitse-prezident vəzifəsinə gətirilib. Həmin federasiyanın prezidenti isə bu il yanvarın 18-dək millət vəkili Xanlar Fətiyev olub. Kim bilir, bəlkə də 2012-ci ilin iyunundan bu qurumun prezidenti olan Xanlar Fətiyevin federasiyadan qəfil gedişinin səbəblərində bu amil də var.
Lakin Azad Rəhimovun 2021-ci ildə vəfatı ilə əlaqədar Elçin Həsənovun da işlərində axsamalar yaranmağa başlayıb. Əvvəlcə, 2022-ci ilin mayında o, Bakı Su İdmanı Sarayındakı vəzifəsindən azad olunub. Bu barədə ilk xəbəri o vaxt Oxu.Az saytı yayıb. O, həmin vaxt oxu.az-a müsahibəsində "idmandan kənar başqa iş"lə məşğul olacağını bildirib: "Mən öz ərizəmlə işimdən ayrılmışam, heç kim məni qovmayıb. İdmandan kənar başqa sahədə işimi davam etdirəcəyəm. Ancaq bunu açıqlamağım doğru olmaz".
"Sizin hoteliniz də var. İşinizi bu sahədə davam etdirəcəksiniz?" sualına isə belə cavab verib: "Yox, daha ciddi strukturda yeni işə başlayacağam. Ona görə də bütün sənədlərimi düzəltməliyəm".
Həmin müsahibədə həmçinin, vitse-prezident vəzifəsində işinə davam edəcəyini bildirsə də, onu daha sonra federasiyanın hansısa tədbirlərində görən olmayıb. Nəticədə ötən ilin mayında onun boş qoyduğu vitse-prezident vəzifəsinə baş katibin müavini işləyən Tamerlan Abdullazadə seçilib
